İraq barışığı seçdi FOTO


Dünya 15 May 2018 12:47:01 276 0

İraq barışığı seçdi  FOTO

İraqda ötən həftə keçirilmiş parlament seçkilərinin qalibi artıq bəllidir. ABŞ-ın işğalı və Səddam Hüseynin devrilməsindən sonra 4-cü seçkilərdə müxalifətdəki "Əs Səyrun" ("İrəliyə gedənlər") bloku qalib gəlib.

İraq şiələrinin lideri Müqtəda əs Sədrin rəhbərlik etdiyi blok dini və dünyəvi partiyaları birləşdirməklə yeni siyasi qüvvə formalaşdırıb. Bu isə İraq cəmiyyətində milli barışıq istəkləri ilə bağlıdır.

Proqnozlar alt-üst oldu

Seçkilərdə 23,4 milyon iraqlının iştirak etdiyi vurğulanıb. Bu isə səsvermə hüququ olan İraq vətəndaşlarının 44,5 faizi deməkdir.

İraq ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edən İŞİD-in məğlub edilməsindən sonra ilk demokratik seçkilər olan bu səsvermə ilə bağlı ilkin proqnozlar baş nazir Heydər əl Abadinin rəhbərlik etdtiyi "Nəsr" ("Qələbə") koalisiyasının qələbəsini şərtləndirirdi.

Lakin iraqlılar proqnozları alt-üst ediblər.

Müqtəda əs Sədrin "Əs Səyrun" bloku ən çox səs toplayıb. İkinci yerdə isə daha bir müxalif qüvvə - sabiq nəqliyyat naziri Hadi əl Amirinin başçılıq etdiyi "Əl Fəth" ("Qələbə") bloku var.

Əl Amiri İraqdakı şiələrin silahlı birləşmələrinin lideridir.

Baş nazir Əl Abadinin "Nəsr"i 3-cü yerdədir.

Ümumiiyyətlə isə, ölkə parlamentindəki 328 yer uğrunda 6986 namizəd mübarizə aparıb. Onlar 302 partiya, hərəkat və qruplaşmanı təmsil edirdilər.

Namizədlər arasında 2014 qadın da vardı.

Bu, kuryoz olaylara da səbəb olub. Məsələn, bir gənc iraqlıya qadın namizəd Hədba əl Həsnavi o qədər xoş gəlmişdi ki, o, Hədbanın fotosunu öpdüyü anların əks olunduğu videonu Facebook-da paylaşaraq "İndi sənə səs verdim" yazmışdı.

Video sosial şəbəkələrdə sürətlə yayılandan sonra əl Həsnəvinin mənsub olduğu tayfa həmin gənci "məhv edəcəyini" bəyan etmişdi. Problem "zərərçəkən tərəf"in 100 milyon İraq dinarı, yəni təqribən 83500 dollar məbləğində təzminat almasından sonra həll olunub.

Seçkilərin ilkin sonuclarına görə, qaliblər arasındakı fərq böyük olmadığından bundan sonrakı mümkün ssenari geniş koalisiyanın yaradılması və milli vəhdət hökumətinin formalaşdırılması olacaq.

Ölkədəki 52345 seçki məntəqəsində seçicilərin barmaqlarındakı boyaları "oxuyan" 72456 qurğu vardı.

Heydər əl Abadinin baş nazir postunda qalıb-qalmayacağı isə onun əsas rəqibləri Müqtəda əs Sədr və Hadi əl Amiri ilə aparacağı danışıqların nəticələrindən asılıdır.

Əl Abadi dünən bəyan edib ki, seçkilərdə qalib gəlmiş bloklarla birlikdə yeni hökumət formalaşdırmağa hazırdır.

Müqtədanın birlik uğuru

Müqtəda əs Sədrin dünyəvi və dini partiyaları birləşdirərək yeni siyasi qüvvə yarada bilməsinin başlıca səbəbi iraqlıların yaşadıqları vəziyyətdən usanmaları, milli barışığı arzulamalarıdır.

Fəqət, bu, çox çətin məsələdir.

İraq hələ də ABŞ və İranın mübarizə meydanıdır. İranın nüvə proqramı ilə bağlı anlaşmanı ABŞ-ın tərk etməsindən sonra vəziyyətin gərginləşməsi İraqda amerikalılarla iranlıların qarşıdurmasını daha da sərtləşdirəcək.

Bundan başqa, Tehranın strateji rəqibini, ABŞ-ın Fars Körfəzindəki ən önəmli müttəfiqi Səudiyyə Ərəbistanını da unutmayaq.

Müqtəda əsr Sədr İraqın işğalından və Səddam Hüseynin devrilməsindən sonra qatı antiamerikan mövqelər tutmuşdu. İndisə o, İrandan da aralanıb.

Belə ki, ötən ilin payızında Səudiyyə Ərəbistanına səfər edən Müqtəda əsr Sədhr "mənim xalq diplomatiyam İranı qıcıqlandırır" demişdi.

İranlı general Qasım Süleymani ilə çox sıx əlaqələri olan Hadi əl Amiri isə İranın təsiri altında olmadığını deyir, "İraq vətənpərvəriyəm" söyləyir.

Abadi niyə məğlub oldu?

İraqın baş naziri Heydər əl Abadinin başçılıq etdiyi koalisiyanın məğlub olmasının əsas səbəbi ölkədə təhlükəsizliyin təminatı ilə bağlı situasiyadır.

İlin əvvəlindən bəri İraqda teraktlar, hücumlar nəticəsində 1640 nəfər həlak olub. Neynava və Ənbar vilayətində hələ də İŞİD-in mövqeləri güclüdür.

Səlahəddin, Diyala və Kərkük vilayətlərində də vəziyyət gərginləşib. İş o yerə çatıb ki, İraqın Hərbi-Hava Qüvvələrinin komandanlığı Koreyadan alınmış 24 T-50 qırıcı təyyarəsini Tikritdən 20 km şimaldakı aerodroma yerləşdirməyə cəsarət etməyərək təyyarələri Bəsrə və Bağdaddakı aerodromlara yığıb.

Əl Abadi populyarlığının azaldığını hiss edirdi. Məsələn, aprelin 26-da o, İraq Kürdüstanının paytaxtı Ərbilə yollanıb seçigilərlə görüş keçirəndə zal heç yarısına qədər dolmamışdı. Təşkilatçılar rüsvay olmamaq üçün boş yerləri bannerlərlə dolduraraq kameraların qarşısında "kütlə" görüntüsü yaratmağa çalışmışdılar.

Mayın 3-də isə o, Nəcəf şəhərinə yollanmışdı. Nəcəf vilayətinin qubernatorunun bütün səylərinə rəğmən, baş nazirlə ayətullahül-üzma Əli əs Sistaninin görüşünü təşkil etmək mümkün olmadı. İraq şiələrinin lideri olan ayətulla baş naziri qəbul etmədi, "Bu görüş Abadinin dəstəklənməsi kimi qələmə verilə bilər" dedi.

... İraqda isə artıq Ramazan ayı başlanıb. İraqın DİN-i xüsusi açıqlama yayaraq Ramazan ayı bitənədək, yəni iyunun 16-dək ictimai yerlərdə yemək, içmək, siqaret çəkmək yasaqlayıb. Yasağı pozanları 6 aylıq həbs cəzası gözləyir.

Sübh saatlarından gün batanadək kafe və restoranların işi də qadağan olunub.

İraqlılar bu yasaqları "seçkilərin ilk real nəticəsi" adlandırırlar.

ABŞ və İsrailə gəldikdə isə, İraqdakı seçkilərin nəticələri onlar üçün çox pis, xoşagəlməz xəbərdir.

Elçin Alıoğlu Son.az