Zirədə gözətçini döyüb bağ evini yandıran şəxslər məhkəmədə ifadə veriblər


Sosial 15 May 2018 12:03:35 270 0

Zirədə gözətçini döyüb bağ evini yandıran şəxslər məhkəmədə ifadə veriblər

Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şahlar Novruzov və Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Hər iki şəxselan olunmuş ittiham üzrə özlərini təqsirli bildiklərini deyib.

Daha sonra təqsirləndirilən Ş.Novruzov sərbəst ifadə verib. O söyləyib ki, hadisə günü axşam işdən qayıdanda R.Məmmədovla mağazanın yanında spirtli içki içiblər: "Bir nəfər yaxınlaşdı ki, bizlə içsin. Razı olmadıq. O, bizi söydü, təhqir etdi. Sonra çıxıb getdi. Rövşənlə içməyə davam etdik, sonra həmin adamın evinə getdik. Qapını döydük və o, çölə çıxdı. Nəyə görə bizi söydüyünü soruşduq. O, yenə bizi söyməyə başladı və əl atdı. Onu yumruqla vurduq və qapının ağzında olan çantanı götürüb oradan uzaqlaşdıq. Evin yanması barədə heç nə deyə bilmərəm. Biz evə girməmişik, onunla həyətdə dava etmişik. Evdən aralanan kimi polis gəlib məni tutdu. Bu zaman Rövşəni yanımda görmədim".

Digər təqsirləndirilən Rövşən Məmmədov da hadisə barədə danışıb: "Şahlarla içki içəndə İqor gəldi. Sonra bizə söydü. Biz də onlara getdik, qapını da mən döymüşəm. Düzdür, onu əllə vurmuşam, boynuma alıram. Şahların vurduğunu isə görməmişəm. İqoru vuranda qapının yanında olan qızdırıcının (plitə) üstünə yıxıldı. Qızdırıcının işlək vəziyyətdə olduğunu bilmirdim. Sonra çantanı götürüb evdən çıxdıq. Oradan 50 metr aralanan zaman polis gəldi. Evə getdim, təxminən, 2 saatdan sonra mağaza sahibi İsmayıl qapını döydü. Baxdım ki, küçədə yanğınsöndürən maşın var".

Prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi və şahidlər də dindirilib.

Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.

Rəsmi məlumata görə, ötən il iyunun 27-də saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Hər iki şəxs İ.Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

Xatırladaq ki, İ.Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib, İ.Vasini evə buraxmayıb. İ.Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.