Azərbaycanda BMT-nin beynəlxalq konfransı keçiriləcək


Sosial 15 May 2018 12:11:58 249 0

Azərbaycanda BMT-nin beynəlxalq konfransı keçiriləcək

BƏT-in Baş direktoru Qay Rayderin Azərbaycana səfəri gözlənilir

Mayın 21-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Report"aƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

TədbirƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə baş tutacaq.

BƏT-in Baş direktoru Qay Rayderin konfransda iştirak etmək Azərbaycanasəfəri gözlənilir. Bu, Azərbaycanın BƏT-ə üzv olduğu dövrdə qurum rəhbərininBakıya ilk səfəri olacaq. Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki,BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri bəşəriyyəti dayanıqlı inkişaf yoluna səfərbər etmək üçün dünya liderləri arasında razılaşdırılaraq təsdiqlənmiş hədəfləri özündə əhatə edir. Azərbaycan da BMT-yə üzv dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Milli inkişaf prioritetlərini Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdıran Azərbaycan bu Məqsədlərin icrası istiqamətində uğurlu nəticələrə imkan verən fəal siyasətin həyata keçirildiyi ölkələrdən biridir. Hazırda Məqsədlərin icrası işlərinin əlaqələndirilməsi üçün ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da fəaliyyət göstərir.

Eyni zamanda ötən dövrdə Azərbaycanda həyata keçirilən inkişaf strategiyasında məşğulluq amili ön planda saxlanılmaqla əmək bazarının inkişafı və əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində mühüm irəliləyişlərə nail olunub. Bunun nəticəsidir ki, Azərbaycan BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə kimi müəyyən olunub. “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransın ölkəmizdə keçirilməsi də Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən uğurlu islahatlara, əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək dəyər verildiyinin növbəti əyani ifadəsidir.

Konfrans çərçivəsində “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiya keçiriləcək, iqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəliliyinin təmin edilməsi, qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi məsələləri ətrafında panel iclaslar səviyyəsində müzakirələr aparılacaq. Layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.

Konfrans zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.