Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir


Digərləri 15 May 2018 12:10:00 212 0

Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir

31-i qeyri-islam olmaqla 809 dini icma dövlət qeydiyyatına alınıb.

Bakı. Elçin Mehdiyev - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti mayın 14-də ABŞ Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, Los-Ancelesin ən böyük və müasir üslubda tikilmiş kafedral kilsəsində baş tutan görüş zamanı Mübariz Qurbanlı arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühit barədə məlumat verib. Komitə sədri bildirib ki, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri mövcud olub, milli, dini, eləcə də irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. 31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Dövlət Komitəsinin sədri ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, Yəhudilik dininə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiyepiskopla fikir mübadiləsi aparıblar.