Ramazan ayının başlanması ilə bağlı fətva verildi


Digərləri 15 May 2018 11:23:00 252 0

Ramazan ayının başlanması ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün QMİ-nin Qazılar Şurasının iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada deyilir: "Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 17 may 2018-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq".

Bildirilib ki, oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub: "Müqəddəs kitabımız olan Qurani-Şərifdə Allah-Təalanın hökmü belədir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-Təalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilib".