Cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə azalıb


Digərləri 14 May 2018 20:17:00 268 0

Cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə azalıb

Son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb.

Son.az bildirir ki,Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 78 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Ölkəmizin praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəsini yaymaq məqsədilə 2012-ci ildə İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə təlim mərkəzi yaradılıb. 2014-cü ildə ÜST Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq bu günlərdə beynəlxalq statusu ÜST Avropa Regional Bürosu tərəfindən növbəti dörd il müddətinə uzadılıb.

Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir. Ötən dövrdə Beynəlxalq təlim mərkəzində Qərbi Avropa, Asiya, Afrika və MDB dövlətlərinin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatları təmsil edən nümayəndə heyətləri üçün 4 beynəlxalq treninq keçirilib, Azərbaycan təcrübəsini öyrənmək üçün Avropa Şurası, ÜST və BQXK-nın xətti ilə 8 tanışlıq səfəri təşkil olunub. Ümumilikdə isə, son illər 17 dövlətdən 200-dən çox nümayəndə Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.