Mingəçevir su anbarında balıqların ölüm səbəbi açıqlanıb


Digərləri 14 May 2018 17:17:00 266 0

Mingəçevir su anbarında balıqların ölüm səbəbi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib.

Bakı. Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı sosial şəbəkədə yayılan görüntülərin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib. ETSN-dən Trend-ə verilən məlumata görə, baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub. Balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələri götürülərək ümumi bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparılıb. Analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib. Bildiririk ki, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz (temperatur 19-21 dərəcə, pH-8,4 (norma 8), oksigen 4-5 mq/litrə (norma 6 mq/litrə)) olduğu müəyyən edilib və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması onların ölümünə səbəb ola bilər.