“Həyatın işini bilmək olmaz”


Digərləri 14 May 2018 16:43:00 271 0

“Həyatın işini bilmək  olmaz”

"Rus bölməsində təhsil alanlar daha dünyagörüşlü olurlar"

Son.az azedu.az-a istinadən ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə əldə edən tələbə ilə müsahibəni təqdim edir:

Budəfəki müsahibimiz 2017-2018-ci  tədris ilində ali məktəblərə qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına qəbul olunan Elmir Əhmədovdur.

- Elmir, proseslərin avtomatlaşdırılması və proqramlaşdırma - bu  iki ixtisas bəzən eyniləşdirilir. Bəs onlar arasındakı əsas fərqlər nələrdir?

- Fərq ondandır ki, proseslərin avtomatlaşdırılması daha çox sənaye yönümlü sahədir. Lakin özündə kompüter elmlərinin əsaslarını da əks etdirir. Sadə dildə desək, proseslərin avtomatlaşdırılması kompüter və sənaye mühəndisliyinin qarışığıdır.

- Biliklərini təkcə universitet dərsliklərindən əldə edirsiniz, yoxsa əlavə başqa ədəbiyyatlara da baxırsınız?

-Hazırkı biliklərimin çoxu universitet sayəsindədir. İndi ixtisasımdan çox, ingilis dilinin dərinliklərini öyrənirik. Əsas fənnlərin tədrisi hələ başlamayıb.

- Qəbul imtahanında maksimum nəticə göstərib tələbə oldunuz. Ali məktəb insanın dünyagörüşü və təfəkkürünə, həyat tərzinə də təsir edir. Bu mənada Bakı Ali Neft Məktəbi həyatınızda nələri dəyişdi?

- Universitetə daxil olandan sonra tələbə kimi həyatın məsuliyyətlərini daha çox dərk etdim. Daha sərbəst həyat seçmişəm. Ən böyük fərq həyata və dərslərə daha sərbəst yanaşmağımdadır. Məktəb vaxtı müəllimlər bizə daha çox qayğı göstərirdilərsə, universitetdə çalışıram ki, dərslərimi özüm sərbəst oxuyum və yeni biliklər əldə edim.

- Məlumdur ki, abituriyentlər qəbul imtahanına hazırlaşarkən  arzu və istəklərinə, həvəslərinə müəyyən məhdudiyyətlər qoyulur. Sizdə isə bunun əksi hiss olunur. Sərbəstlik xarakterinizdə var,  yoxsa, bunu sizə universitet qazandırıb?

- Tam  olmasa da, ali məktəb buna çox güclü təkan verdi.

- 700  bal toplamaq üçün bütün gün özünü kitaba həsr etmək və gəncliyin bəzi tələblərinə, istəklərinə  vaxt ayırmamaq vacibdirmi?

- Bir çox yüksək bal toplayan tələbələr deyir ki, sırf dərsə fokuslanmaq lazımdır. Bu yanaşmanın düzgün olmadığını düşünürəm. Asudə vaxta da diqqət yetirilməlidir. Abituriyent olanda nə telefona, nə də televiziyaya baxmağa məhdudiyyət qoymuşam. Hamısına vaxt ayırırdım. Amma əsas dərslərimə üstünlük verirdim. Məktəbdəki tədbirlərdə fəal iştirak edirdim.

- Qızlara da vaxt ayırırdız?..

- Düzü,  indi sevdiyim xanım yoxdur. Abituriyent olanda da xüsusi biri olmayıb. Sadəcə, məsələ hər oğlanda olduğu kimi olub.

- Elmir, hiss olunur ki, fikirlərinizi ifadə etməkdə çətinlik çəkirsiniz. Hazırlaşdığınız ixtisas qrupunun bunda rolu varmı?

- Bəli, var. Dəqiq elmlərə yönələn tələbələr daha çox danışmağa yox, yazmağa üstünlük verirlər. İxtisas qrupumdan başqa,  burda xarakterimin də rolu var. Çox danışmağı sevən biri deyiləm.

- Bu, sizə ictimai yerlərdə və vacib məqamlarda problem yaratmır?

- Xeyr, çox vaxt yaratmır. Bu halımdan məmnunam. Danışmaq gümüşdürsə, susmaq qızıldır.

- 700 bal toplamış bir gənc olaraq özünü ifadə etməkdə çətinlik çəkməyiniz müəllimlərinin və ya ətrafının hansısa iradına səbəb olubmu?

- Xeyr. Hamı bunu normal qarşılayır. Bilirlər ki, rus, Azərbaycan və ingilis bölmələrində oxumuşam. Buna görə də fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm.

- Rusca daha yaxşı bilirsiniz, yoxsa ingiliscə?

- Hazırda ingilis dilini daha yaxşı bilirəm. Amma rus dilini də ondan pis bildiyimi söyləyə bilmərəm.

- İngilis dili demişkən, bir çox insan dil bilgilərini artırmaq üçün müxtəlif üsullardan istifadə etsə də, istəyinə nail ola bilmir. Onlara nə məsləhət görərdiniz? Çox söz əzbərləməklə dil öyrənmək mümkündürmü?

- Bir çox insan dil öyrənərkən klassik metodlardan istifadə edir. Çoxlu-çoxlu söz əzbərləməyə istiqamətlənir.  Sırf kitablarla işləməyə üstünlük verənlər də az deyil. Mən deyərdim ki, daha yaxşı və interaktiv üsul ingilis dilində olan filmlərə, müsahibələrə baxmaq, xəbərlərə qulaq asmaq, məqalələr oxumaqdır. Mənim ingilis dilini öyrənməyimdə bu faktorlar çox böyük rol oynayıb.

- İngilis dilində təxminən nə qədər söz bilirsiniz?

-  Təxminən,  "upper intermediate" səviyyəsində olan insanın bildiyindən bir az çox və ya bir az söz bilirəm.

- İxtisasın dəqiq elmlərə daha yaxındır. Buna baxmayaraq, proqramçıların bir çoxu hobbi olaraq başqa sahələrə, xüsusən də ədəbiyyata maraq göstərirlər. Bəs, Elmirin ədəbiyyata marağı necədir?

- Ədəbiyyat həvəskarı deyiləm. Amma yayda boş vaxtlarımda bədii kitab oxumağı xoşlayıram.

- Əsasən hansı bədii kitabları oxuyursunuz?

- Əsasən, detektiv janra üstünlük verirəm. Mənim üçün əsas olan yazıçının kimliyi deyil, kitabın süjeti, məzmunudur. Lakin Aqata Kristi və Çingiz Abdullayevin əsərlərini bəyənirəm.

- Azərbaycan tarixinə marağınız necədir?

- Məktəbdə təhsil alanda Azərbaycan tarixinə marağım olsa da dünya tarixini də  sevirdim. Mənə dünya tarixi daha maraqlı gəlib.

- Azərbaycan tarixinin sizin üçün maraqlı olmayan tərəfləri  hansılar idi?

- "Maraqlı deyil" deməzdim. Sadəcə, dünya tarixini nisbətən daha çox xoşlayırdım. Hər bir Azərbaycan vətəndaşı öz tarixi ilə tanışdır. Lakin Avropa mədəniyyəti və  onların qədim adət-ənənələrindən bir çoxlarımız xəbərsizik. Ona görə də dünya tarixi həmişə mənə daha maraqlı gəlib.

- Hazırlaşdığınız ixtisas qrupunda tarix fənni yoxdur. Bu sizi Azərbaycan tarixinə aid biliklərə yiyələnməkdən uzaqlaşdırıbmı?

- Qrupumun tarixə aidiyyəti olmamasına baxmayaraq, orta məktəbdə tarix fənnini yaxşı oxuyurdum. Deyərdim ki, tarix biliklərim kifayət qədər normaldır. Azərbaycan tarixində baş verən bütün əsas hadisələri sadalaya bilərəm.

- Elmir, bir zamanlar hüquqşünaslıq ixtisasında təhsil almaq dəbdə idi. Hazırda isə təhsil aldığınız ixtisasa tələbat daha çoxdur. Bu sahəyə istiqamətlənməyində maliyyə faktorunun rolu nə qədərdir?

- Mənim dəqiq elmlərə aid sahəni seçməyimdə əsas səbəb dəqiq fənnlərə olan həvəsimdən qaynaqlanıb. Məktəb vaxtı kimya və fizikanı çox sevirdim. Həmçinin uşaqlıqda soruşanda ki, özünü gələcəkdə kim olaraq görürsən, ağlıma mühəndislik sahəsi gəlib.

- Suala daha aydın cavab istərdik: Yəni, yüksəkgəlirli sahədə pul qazanmağı qarşınıza məqsəd qoymamısızmı?

- Mənim üçün gəlir prioritet deyil. İstənilən sahədə püxtələşmiş kadr kifayət qədər uğurlu ola bilər.

- Bir neçə ildən sonra  Bakı Ali Neft Məktəbini bitirəcəksiniz. Dil bilgiləriniz mükəmməldir və kifayət qədər savadlısınız. Fərz edək ki, sizi aylıq 500 manat əməkhaqqı nəzərdə tutulan işə dəvət edirlər. Təklifi qəbul edərdinizmi?

-  Əlbəttə ki, xeyr.

- Deməli, maliyyə prioritet hesab oluna bilər. Bəs, gələcəkdə minimum nə qədər əməkhaqqı qane edər?

- Bakı Ali Neft Məktəbini bitirən tələbələr işə qəbul olunarkən heç bir problemlə qarşılaşmırlar. Onlara azı 1000 manatlıq maaş təklif edilir. Düşünürəm ki, burda da mənim problemim olmayacaq. Bu sadəcə ilkin mərhələdir. Bundan sonrası isə insanın özündən asılıdır.

- Hansı xarici şirkətdə işləməyi düşünürsünüz?

- BP şirkətində çalışmaq istərdim.

- Sizcə, Azərbaycanda işçiyə BP-nin yaratdığı imkanları yarada biləcək hansısa başqa şirkət varmı?


Xəbərə aid fotolar