“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi FOTO


Kriminal 14 May 2018 16:38:00 310 0

“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi  FOTO

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir. Hansı ki, əməliyyat məlumatlarına görə Cabir Həsənov "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamı olub. Nüsrətovun işi və Həsənovun qətli kriminal qruplaşmalar ("Rövşən Lənkəranski"nin klanı ilə "Lotu Quli"nin qruplaşması ) arasında bir neçə ölkəni əhatə edən müharibənin ən qanlı epizodlarından biridir.

İstintaqın versiyasına görə Nazim Nüsrətov özü nə "Lotu Quli"nin, nə "Rövşən Lənkəranski"nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-otellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.

Namiq Canıyev

Nüsrətovun əvvəllər qanunla ciddi problemi olmayıb, hərçənd cinayətdə iştirak edərkən onun yaşayış yerini tərk etməmək barədə iltizamı var idi. Çünki Nüsrətovun üzərindən patron aşkarlanmışdı. Bu iş üzrə o, Həsənovun qətlinə görə saxlanıldıqdan bir gün sonra 5 ay həbs cəzası alıb. Nüsrətov rəsmi olaraq işsizdir, amma şəhərdə "BMW X5"lə gəzirmiş və tez-tez mobil telefon nömrələrini dəyişirmiş.

Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün "VAZ 21103" markalı, "badımcan" rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar. Lenin prospekti, 148 ünvanında yaşayan sakinlər sonrakı iki gün ərzində həmin avtomobili həyətdə görüblər,  hansı ki, "qafqazlı görkəmli sürücü" kimisə gözləyirdi...

Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkçəli, "kapşonlu" şəxsin cəld həmin "VAZ"ın sükanı arxasına keçərək qaza basdığını görüblər. Həmin binada hadisədən bir neçə ay əvvəl məskunlaşan 42 yaşlı Azərbaycan vətəndaşı Cabir Həsənov isə aldığı 6 güllə yarasından yerindəcə ölmüşdü.

Killer Camal Həsənov Türkiyədə tutularkən

Hadisə yerinə gələn əməliyyatçılar onun üzərindən saxta sənədlər, mobil telefonunda isə Camal Həsənovun pasportunun fotosunu aşkar ediblər. Həmin Camal Həsənov ki, istintaqa ifadə verən gizli şahidin bildirdiyinə görə "Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyevin ştatlı killeridir.

Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara "ödəyirmiş".

Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, daha səmimi ifadələr verib. Baş İstintaq İdarəsinin müstəntiqi Yuri Yaşkov deyir ki, Nüsrətov hətta killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onun Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı "köhnə dostu" kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu "təsadüfi tanışı" adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.