Özlərini tamaha satan iki azərbaycanlı


Siyasət 14 May 2018 15:00:33 289 0

Özlərini tamaha satan iki azərbaycanlı

Onlar, əslində, belə olmamalı idilər. Bəlkə də belə olmalıydılar, kim bilir - axı fəlsəfənin təriflənən və lənətlənən "səbəb-nəticə" qanunauyğunluğunu kimsə dəyişmək gücündə deyil.

Gücü olsa belə, məntiqi yetməz. Məntiqi çatsa da, sona vara bilməz.

Çünki fəlsəfə qanunları göründüyündən daha səbatlı, eşidildiyindən daha dayanıqlı, hiss olunduğundan daha realdır.

Soyad da dada çatmır belə hallarda. "Şirpələngli" və ya "Vətənli" olsa da, döş qəfəsinin sol tərəfində döyünən ürək qəfəsdə çırpınırsa və yalnız qan yeritmək funksiyasını yerinə yetirib dövranla kifayətlənirsə, heç nə olan deyil.

O olandan ki, olmasını gözləyirlər.

Məsələ Vətəni sevmək və ya doğulduğun, millətini və kimliyini bəlirləyən məmləkətə nifrət etməkdə deyil.

Məsələ ADAM olmaqdadı.

Adam olmaqsa asan deyil: bioloji mövcudluq öz yerində, adamlıq bəşər övladı mağaralardan çıxaraq ibtidai icma formasiyasından üzübəri addımlayaraq İNSANlaşmağa çalışır.

Kimində alınır, kimində yox.

Orduxan Temirxan Bəbirov və Emin Milli sənədlərinə görə, azərbaycanlılardır. Vətəni sevdiklərini deyirlər. Söyləyirlər ki, vətən namusu ailə qeyrətindən üstündür.

Vurğulayırlar ki, Azərbaycanda hakimiyyəti dəyişmək istəyirlər, demokratik cəmiyyət arzulayırlar, azad və ədalətli seçkilərin aşinalarıdır, vətəndaş cəmiyyətinə təşnədirlər.

Daha sonra hayqırırlar ki, Azərbaycan xalqı oyanmalıdır, küçələrə çıxmalıdır, inqilab yapmalıdır. İnqilab alınmasa, heç olmasa qiyam və ya, bəd ayaqda, canlarımız cəhənnəmə, üsyan etməliyik. Ki, demokratik ölkələr cərgəsinə qoşulaq, azad məmləkətlər sırasında səf tutaq.

Və sair və ilaxır bu kimi sözlər.

Ermənilərin "najdak"  inqilabı

Ermənistanı 10 ildən bəri idarə edən Serj Sarqsyanın devrilərək Nikol Paşiyanın baş nazir olması heç bir halda "məxməri inqilab" deyil.

Sarqsyan baş nazir olmayacağını vəd etməsəydi, sonra da hakimiyyəti əldən verməmək üçün həmin postu ələ keçirməsəydi, Ermənistanda yaşanan proseslər baş verməyəcəkdi.

Ermənilər deyirlər ki, onlar "Maydan" etməyiblər, vətəndaşların mövqelərinə əsaslanan Konstitusiya inqilabını gerçəkləşdiriblər. Kiyevdəki Maydandan fərqli olaraq, Ermənistanda aksiya iştirakçılarını gülləbaran etmədilər.

Ermənistanın yeni prezidenti, "Qazprom"un sabiq meneceri, siyasi varlığına görə Serj Sarqsyana borclu olan adam indi ölkəni idarə etməyə çalışır.

Alınacaq, ya yox - ayrı müzakirə mövzusudur.

Dəqiq bilnən budur ki, Azərbaycandakı tozlu liberalların və yorğun demokratların, habelə Facebook-dakı siyasi trolların iddialarının, psevdosiyasi şivənlərinin tam tərsinə olaraq, Nnikol Paşinyan və dəstəsi əsla, heç bir zaman Moskvaya arxa çevirməyəcək, çevirə bilməyəcək. Türkiyə və Azərbaycan arasında qalan, İranın kapitalının axınının qarşısında iqtisadiyyatı Tehrandan tam asılı vəziyyətə düşə biləcək Ermənistanın yeganə nicat və həmd yeri Rusiyadır.

Rusiyadakı erməni diasporu da 30 il əvvəlkindən fərqli olaraq, Ermənistanın dadına yetmək niyyətində deyil.

Rusiya ermənilərin "Paşinyan şilləsi"nə dözdü, çünki əks təqdirdə Ermənistanı, ümumiyyətlə, itirə bilərdi.

Bütün bunlarla yanaşı, Ermənistanın təcridi, tarixində ən ağrılı və fəlakətli böhrana doğru hərəkəti sürətlənir.

Rəsmi İrəvan indi keçmişi ilə bütün əlaqələri kəsməyə çalışır və düşmən arxasında unudulmuş partizanın körpüləri partlatmasına bənzəyən hərəkətlər edir.

Və ən nəhayət, ermənilərin diasporu xaricdə yaşayan, özlərini "siyasi fəal" və "aktiv bloqer" adlandıran, amma siyasətdə piyada olan insanları maliyyələşdirmirlər. Ermənilərin diaspor liderləri sadəlövh, axmaq və ya kütbeyin deyillər: onlar "mühacirət fəalı" kimi yaxalarını matros Jeleznyak təki yırtanların harada və kimlərin əmrilə yuva qurduqlarını bildiklərindən o yuvaların quşları ilə əlaqələr yaratmaqdan, sadəcə, iyrənirlər.

Azərbaycana və azərbaycanlılara nifrət edən, vətənimizi və millətimizi məhv etməyi arzulayan həmin erməni diaspor liderləri zəiflərə stavka etmək istəmirlər və bu reallıqdır.

Onlar vasitəçilər vasitəsilə iş görürlər ki, bu barədə bir qədər bəhs etməyə lüzum var.

"Seçilənlər" seçki barədə danışanda...

ABŞ Konqresinin Helsinki Komissiyası "Azərbaycanda seçkilər və fundamental azadlıqların vəziyyəti" mövzusunda brifinq keçirib. İlkin olaraq dinləmələr formatında nəzərində tutulmuş aksiya baş tutmadığından, brifinq səviyyəsinə tənəzzül edib.

Yəni Konqresdə Azərbaycandakı vəziyyəti konqresmenlər, senatorlar, nüfuzlu siyasətçilər müzakirə etməyiblər. Demokrat libasını geyinmiş siyasət marionetləri masa arxasında oturublar, danışıblar, sonra da sualları cavablayıblar.

Danışanlar və suallara cavab verməyə çalışanlar isə Azərbaycan hakimiyyətinə qərəzli, qeyri-obyektiv mövqeyi əsla gizlətməyən tarixçi, Massaçusets Universitetinin professoru Odri Alştadt, "Meytan TV"nin rəhbəri Emin Milli, "Freedom Now" hüquq-müdafiə təşkilatının icraçı direktoru Maran Torner və komissiyanın siyasi müşaviri Everet Prays idilər.

Emin Milli həmişəki ampluasına sadiq qalaraq "Azərbaycanda seçkilər saxtalaşdırılır, müxalifətçilər xaricdə oğurlanır, Qərbdəki siyasətçilər pulla ələ alınır və bu səbəbdən də Qərb Azərbaycandakı hadisələrə göz yumur" tipli açıqlamalar verib.

Onun çıxışını zalda huşyar olub dinləyənlər arasında Orduxan Bəbirov da vardı. O Bəbirov ki, adi mühacir səviyyəsini özü qaldıraraq "siyasi mühacir"ə çevrilib və özünü millət fədaisi, vətən xilaskarı sayır.

Emin Milli və Orduxan Bəbirovun Vaşinqtona voyajını, onların Konqresin divarları arasında miskin brifinqdəki davranışlarını müzakirə etmək niyyətində deyiləm. Zatən baş verənlərə Azərbaycan siyasətinin müxalifət düşərgəsindəkilər artıq qiymət veriblər, özü də çox sərt, acıqlı şəkildə.

Məsələn, AXCP sədri Əli Kərimlinin "gənc ideoloq"larından və təşviqatçılarından olaraq sosial şəbəkələrdə "Əli aşiqləri"nə rəhbərlik edən, trollar fabrikində icraçılıq yapan Natiq Adilov AXCP-nin mətbuat xidmətinin rəhbəri funksiyalarını bir kənara qoyaraq Emin Milli ilə Orduxan Bəbirovu az qala xəyanətkar, satqın və bivec hesab edir.

Səbəb? Trivialdır. Emin Milli Azərbaycandakı müxalifətdən danışarkən AXCP barədə bir kəlmə də deməyib. Yəni Əli Kərimlini saya salmayıb, onun "Milli Şura" adlı mini-varyetenin təsərrüfat müdiri Cəmil Həsənli ilə bahəm "Məhsul" stadionunda "mitinq" kimi qələmə verilən toplantılarından bəhs etməyib.

N.Adilov Facebook-dakı profilində yazıb: "Emin Millinin ABŞ-dakı brifinqdə cəbhəçilərlə bağlı etdiyi hərəkətin adı məşhur ifadə ilə desək, "danışa-danışa susmaq" idi.

Hörmətli bəyimizi ABŞ-a insan haqlarına dair brifinqə dəvət ediblər, sağ olsun, gedib. Ancaq nədənsə ölkədə aktiv siyasi mübarizə aparan təşkilatı AXCP-ni bir ifadə ilə belə xatırlamadı. Təkrar edirəm, bir sözlə belə.

Ona bunu niyə belə etdiyini zaldakılar da sual verdilər. Düşmənimə də bu haləti arzulamaram".

Millicik Vaşinqtonda peşman oldu

ABŞ-da yaşayan müxalifyönlü, daha doğrusu Azərbaycan müxalifətinin ümid və istinad adamlarından sayılan Ələkbər (Aleks) Raufoğlu da sinirlənib:

"Həzarat - bu Milliciyə çox da əhəmiyyət verməyin; öz sözünü demir, təəssüf ki, təmsil etdiyi qrupun fikirlərini ifadə edir. (Eyni havanı digər çıxışçıların ifasında da hiss etmək mümkündür.) Əvvəlcə Helsinki Komissiyasında üç aydır ki, böyük əziyyətlə hazırladığımız, müxalifət liderlərinin iştirakı ilə baş tutmalı olan və hətta Komissiya sədri səviyyəsində razılıq verilmiş dinləmənin qarşısını aldılar, sonra isə dinləməyə təkid edən aktivistləri öz aləmlərində gözdən salmaqla məşğul oldular, və nəhayət ki, alayarımçıq, "xala-xətri-qalmasın" brifinq adı altında öz qrantyeyənlərini bura gətirib onların ifasında hətərəm-pətərəm bəyanatlarla müxalif qüvvələrin arasına nifaq salmağa cəhd etdilər.... Bir sözlə, meydanı səhv salıblar.... Odur ki, boşboğazları boş verin lütfən. Onlara yalnız bir xəbərim var: özlərini gülünc vəziyyətə salıblar".

Ə.Raufoğlu "Millicik" adlandırdığı Emin Milli barədə daha sonra yazıb: "Millicik öz xəbəri olmadan oynadılır və demokratik düşərgəni gözdən salmaq naminə istifadə olunur. Dava ianə və nüfuz davasıdır, amma təəssüf ki, bu barədə açıq danışmağımız ümumi işə xeyir gətirməz. Təsəvvür edin ki, biri Bakıda oturub özünü əvvəlcə əvəzsiz jurnalist, sonra əvəzsiz hüquq müdafiəçisi, indi isə əvəzsiz müxalifət lideri kimi təqdim etmək iddialarına düşüb. Bu yolda çamur atmadığı heç kəs qalmayıb ortalıqda. Hə, bir də şəxsi kini və paxıllığını da gizlədə bilmir... Nə isə, fikir verməyin. Onlara baş qoşmaqla, səviyyələrinə enməklə, onların niyyətlərinə xidmət etmiş olacağıq. Keçmş olsun və yola davam".

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur da Emin Milli və Orduxan Bəbirovun davranışlarından, mövqelərindən hiddətlənib.

Z.Yağmur Facebook profilində yazıb: "Siz dindar olmaya, dindarı sevməyə də bilərsiniz. Ya da AXCP-ni, Musavatı qəbul etməyə də bilərsiniz. Hətta müstəqil bloqeri, jurnalisti də saya almazsınız. Amma əgər siz dediyiniz kimi, bütün Azərbaycanı qucaqlamağa hazırsanızsa, dediyiniz kimi gənc qüvvə kimi ölkəni idarə etməyə, yüzlərlə insanı əhatə edəcək qüvvəyə maliksinizsə, kimisə kultlaşdırmırsınızsa(?) demək ki, bu ölkədə hamıya eyni münasibət bəsləməyi bacarmalısınız.  Amma əvəzində nə baş verir? Mötəbər və güclü bir kürsüyə çıxırsınız və bu şans əlinizə keçən kimi, ancaq özünüz üçün məqbul hesab etdiklərinizi və ya dünyagörüşünüzə uyğun olanları dilə gətirib bunların üzərində söhbət qurursunuz".

Orduxanla Milli dibə vurdular

Emin Milli və Orduxan Bəbirovun Vaşinqtonda, Konqresin divarları arasındakı brifinqdə olmaları, daha doğrusu, olduqları kimi göstərmələri özlərini "yeni formasiya siyasətçiləri" sayan bu fiqurların nə qədər zəif, yarıtmaz olduqlarını bir daha göstərdi.

Facebook-da, YouTube-da aktiv olduqlarını sanan, gündə bir neçə dəfə Azərbayacana ünvanlanan messiclər paylaşan, kobud və bisavad ritorikadan qurtula bilməyən bu kəslər, əslində, çox məkrli, hiyləgər və fəndgir şəxslərin aləti olduqlarını nümayiş etdirdilər.

Onlar Azərbaycandakı müxalifəti zəif, sönük, heç nəyə yaramayan sayır və özlərini dövlət başçısı postuna iddialı şəxs qismində görürlər.

Liberal, demokrat, Qərb dəyərlərinin daşıyıcısı olduqlarını deyirlər.

Əsla inanmıram. Vaşinqtondakı brifinq əyan etdi ki, "Meydan TV" kimi psevdomedia strukturunun nominal rəhbəri (faktiki, gerçək rəhbərlər başqadır) Emin Milli ilə "azad və demokratik" olduğunu az qala bağıran Orduxan Bəbirov primitiv müzakirənin onlar üçün yaratdığı imkanlardan, sadəcə, öz maraqları üçün yararlandılar.

Bisavadlıq, bəsit siyasi düşüncə, Azərbaycandakı situsiyadan tam xəbərsizlik, dünya geosiyasətinin ən adi ehkamlarını anlamayacaq qədər naşılıq, qərəz, saxtakarlıq və söz əllaməçiliyi.

AXCP, Müsavat, "Milli Şura" və oyuncaq halına düşmüş digər partiyaların mənsubları artıq anlamalıdır ki, E.Milli və O.Bəbirov nə demokratdırlar, nə də Azərbaycan müxalifətinin halına yanan liberallar.

Onlar ayaq çəkməklə məşğuldurlar.

Ayaqlarının çəkildiyini anlayanların Facebook-dakı qəzəbli yazılarına baxsaq, bunu görərik.

Onlar gec də olsa, anlayıblar ki, Emin Milli saxtakar, Orduxan Bəbirov isə saxtakarların əlində oyuncaqdır.

Mahiyyəti bəsit, zehniyyətləri yaramaz olan bu şəxslərə inananlara isə, sadəcə, yazığım gəlir.

Elçin Alıoğlu Son.az