"O uşaq mən idim..." FOTO


Kriminal 14 May 2018 01:30:00 331 0

"O uşaq mən idim..."  FOTO

Hər zaman musiqinin içində olan rejissor və aktyor Tofiq Hacıyev deyir ki, komediya gördüyümüz qədər asan və cılız bir janr deyil 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Elə insanlar var ki, missiyaları özlərindən qabaq doğulur. Bəzən deyirlər ki, istedad sonradan qazanılmır, insan istedadlı doğulur. Müsahibim Tofiq Hacıyev də missiyası özündən qabaq doğulan sənətçilərdəndir. Onun öz dünyası var və o öz dünyasında dünyanın xoşbəxtidir. Dostları arasında "Mister Totu" kimi tanınan Tofiq Hacıyev Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonu M.Rüfət adına 269 saylı orta məktəbdə alıb. Orta məktəb illərində Xətai Rəqs ansamblında rəqs təhsili alıb və festivallarda iştirak edib. 2004-2006-cı illərdə Xətai rayon 1 saylı Teatr dərnəyinə üzv olub və burada da bir neçə tamaşada, yarışlarda iştirak edərək diplomlar qazanıb.   Elə həmin il Təhsil Nazirliyinin keçirtdiyi "Müəllif Şeir müsabiqəsi"ndə 1-cilik qazanıb. Bundan sonra mütəmadi olaraq Azərbaycan televiziyasında yayımlanan uşaq verilişlərində və xeyriyyə konsertlərində iştirak edib. Bakı şəhər məktəblərarası KVN çempionatında "269" komandası ilə 1-ci olub. 2006-cı ildə "İnterpapa" filmində "Söhbət" obrazını oynayıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram Rejissorluğu" fakültəsinə daxil olub.  Eurovision-2011 mahnı müsabiqəsinin milli seçim turunda Mr. Totu ləqəbi ilə iştirak edib. Eurovision-2011-də milli seçim turunda iştirak edib. 2013-cü il sentyabrın 10-dan Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıb.    Ölkəmizi Bolqarıstanda Discovery İnternational Pop Festivalda təmsil edən gənc müğənni, orada  "Ən yaxşı kişi səsi" və "Ən xariztmatik artist" nominasiyası üzrə qalib olub. Azərbaycanda keçirilən ilk "Səs Azərbaycan" yarışında "Görmədən dinləmələr" mərhələsində 4 münsifi də özünə tərəf döndərib və 4/1 final mərhələsinə kimi yüksəlib. Azərbaycanda keçirilən Formula-1 yarışlarının könüllülər himninin söz, musiqi müəllifi və ifaçısıdır.   - Tofiq, nə zamandan hiss etdin ki, bu sənət üçün doğulmusan?

- Özümü tanıyandan bilirdim ki, incəsənət sahəsi üzrə addımlayacam. Məktəb illərində məktəbimizdə keçirilən tədbirlərdə aparıcılıq edir və mahnılar oxuyurdum.    - Bəs aktyorluq?

- 2006-cı ildə çəkilən "İnterpapa" filmində Fərda Xudaverdiyevin oğlunu canlandırdım.    - Demək, o qazpulu yığan məmuru hər dəfə "atam evdə yoxdur" deyə aldadan siz idiniz.

- (gülürük) O uşaq mən idim.   - Adətən oğlan uşaqları incəsənət sahəsini seçəndə valideynləri tərəfindən sərt tənqidə tuş gəlir. Bəs sizdə necə oldu?

- Bizim ailə bu barədə çox anlayışlıdır. Valideynlərim gördülər ki, bu sənətə böyük həvəsim var. Bunun üçün həmişə mənə dəstək oldular. Sadəcə olaraq, mən universitetə sənədlərimi verərkən qərarsız idim. Musiqi, rejissorluq və aktyorluq ixtisası arasında seçim etməli idim. Mən də rejissorluğu seçdim. Düşündüm ki, rejissorluq digər iki sənəti də idarə edə biləcək bir sənətdir. Rejissor olsam, aktyor ola bilərəm. Aktyor olsam, bu sənətdə özümü daha rahat ifadə edə bilərəm.    - Rejissor olaraq hansı işləri görmüsünüz?

- Rejissor kimi mənim xəyalında olduğum işləri görmək indiki zəmanə üçün mümkün deyil. Onlar mənim üçün əlçatmazdır. Ancaq təcrübə üçün öz kliplərimin və digər gənc həmkarlarımın filmlərinin rejissorluğunu edirəm və  qısametrajlı filmlər çəkirəm. 

- Bəs musiqi fəaliyyətiniz nə zamandan başladı?

- Əslində, hər zaman musiqinin içində olmuşam. Əvvəllər səhnəyə çıxıb, ifaçılıq etməyə utanırdım. Dostum Unal Məmmədov "Səs Azərbaycan" yarışmasında mənim əvəzimə qeydiyyatdan keçmişdi. Və mən hara getdiyimi bilmədən müsabiqənin seçimlərinə getdim və seçildim. "Səs Azərbaycan" mənim üçün peşəkar musiqi sənətinə ilk addım oldu.    - Nə üçün xalq artisti Faiq Ağayevin komandasında olmağı seçdiniz?

- Çünki ən yaxşı vədi Faiq Ağayev verdi. Bildirdi ki, finala qədər getmək istəyirəmsə, onu seçim. Əslində, müsabiqədən əvvəl digər münsif heyətləri barədə də düşünürdüm. Bilirdim ki, Mübariz Tağıyevin sevdiyi üslublarda ifa edirəm. Onun məni bəyənəcəyinə 100 faiz əmin idim. Manana Caparidzeni düşünmürdüm. Çünki hesab edirdim ki, onun komandası fərqli olacaq və mən onun komandasında özümə yer tapmayacam. Tünzalə Ağayeva isə tam mənim istədiyim münsif idi. Müsabiqədə mənim kimi, Tünzalə xanımı arzulayan çoxsaylı iştirakçılar var idi. Buna görə də ən doğru seçimi Faiq Ağayevlə etdim və onunla birlikdə addımladım. Öz komandamın üçüncüsü oldum.

- Müsabiqə bitib və biz sizi Faiq Ağayevin yox, Tünzalə Ağayevanın komandasında tez-tez görürük.

- Müsabiqədən sonra Tünzalə xanımla birgə çalışdıq. O məni bekvokal olaraq öz komandasına dəvət etdi. Tünzalə xanımın konsertində onunla birlikdə çalışdıq və ondan sonra bizim əlaqələrimiz gücləndi. Yarışdan sonra Tünzalə xanım mənə çox dəstək oldu. O, öz repertuarına yalnız özünün mahnılarını və çox nadir hallarda başqa bəstəkarların musiqisini daxil edir. Ancaq sözləri və musiqisi mənə aid olan bir mahnını ifa etdi. Bu mənim üçün böyük dəstək idi. Onu da diqqətinizə çatdırım ki, öz mahnılarımı da özüm yazıram.

- Nə gözəl... Mahnı yazırsınız, bəstələyirsiniz, oxuyursunuz, sonra ona klip çəkirsiniz.

- Aranjemanı da öyrənə bilsəydim, yaxşı olardı. Çalışıram ki, bacardığım qədər bütün gənc həmkarlarıma dəstək olum. Onların uğurlarına çox sevinirəm. Ən böyük arzum böyük və dünya standartlarına cavab verən  komandamın olmasıdır. Düzdür, hələ ki tezdir, amma arzumdur.   - İndi hansı işləri görürsünüz?


Xəbərə aid fotolar