Xərçəng dərmanları və revmatizmin müalicəsi


Digərləri 13 May 2018 19:20:00 403 0

Xərçəng dərmanları  və revmatizmin müalicəsi

İnsan immun sistemi təbiətdə bilinən ən güclü özünümüdafiə sistemlərindən biridir. O, virus, parazit, bakteriya kimi çoxsaylı mikrobları kənarlaşdıra bilir. Bəzən immunitet xəstəliklər səbəbilə həddindən artıq zəifləyə bilir, lakin yer üzündə hələ də yaşayan milyardlarla insan (qismən də olsa) immun sisteminin effektivliyinin göstəricisidir.

Lakin bəzi hallarda immunitet "həddini aşır". Yad orqanizmləri bədəndən xaric etmək əvəzinə immun sistemi öz toxumalarına hücum edir. Əksərən xoşagəlməz nəticələrlə sonlanan 1-ci tip diabet, revmatoid artrit və lupus (qırmızı qurd eşənəyi) xəstəliklərinin yaranmasına səbəb olan da budur.

Son.az yasilelm.com-a istinadən bildirir ki, revmatoid artrit zamanı immun sistemi hüceyrələri (əsasən limfositlər və makrofaqlar) oynaqları əmələ gətirən toxumaları hədəf alır. Bu da öz növbəsində oynaqların şişməsinə, ağrılara və hərəkətin çətinləşməsinə gətirib çıxarır. Revmatoid artrit xəstələrinin üçdə biri xəstəliyin gətirdiyi ağrılar səbəbilə 2 il içərisində işləməyi dayandırmaq məcburiyyətində qalırlar. Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığında xəstəlikdən əziyyət çəkənlərin sayı 400 mindən çoxdur, bunun maliyyə təsiri də öz növbəsində yüksəkdir. Hesablamalara görə, bu iqtisadiyyata ildə  3.8-4.8 milyard funt sterlinq ziyan vurur.

Oxşar xəstəliklərə ankilozan spendilit (bexterev xəstəliyi) də daxildir. O da onurğa sümüklərində ağrılara və hərəkətin məhdudlaşmasına səbəb olur. Birləşmiş krallıqda 200 minə yaxın ankilozan spendilit xəstəsi var ki, bu da ildə təxminən 3.8 milyard funt sterlinqə xərc tələb edir. Eyni zamanda, 16 yaşına çatmamış 12 min uşaq sistemik yuvenil: idiopatik artritdən əziyyət çəkir, bu uşaqlar yetkinlik yaşına çatdığı zaman kəskin hərəkət məhdudiyyəti problemləri ilə qarşılaşırlar.

İnsanın immun sisteminin niyə öz bədəninə ziyan verdiyini anlamağa çalışmaq çətindir və bu müalicələrin irəliləməsinə əngəl törədir. "Əksər hallarda biz revmatoid artritin ən ağır simptomlarını yüngülləşdirəcək müalicələr tətbiq edə bilirik, lakin xəstələr bu dərmanları ömürlərinin axırınadək qəbul etməli olurlar"-deyə London Fransis Krik institutunun professoru İmmunoloq Adrian Heydey bildirir.

Lakin yaxın dövrlərdə Heydey də daxil olmaqla tədqiqatçılar avtoimmun xəstəlikləri ilə mübarizədə gözlənilməz bir müttəfiqlə qarşılaşıblar: xərçəng xəstəliyi. Heydey izah edir ki, bu gözlənilməyən bir əlaqə olsa da, ümidvericidir. "Son 5 ildə xərçəngin bəzi növləri ilə immunoloji metodla aparılan mübarizədə irəliləyiş əldə etmişik. Metastatik melanoma və ağciyər karsinoması ilə mübarizədə daha əvvəl rastlanmamış müsbət nəticələr əldə olunub. Biz pasiyentlərə dərman verməklə onların immun sistemini oyadırıq və beləliklə onlar xərçəng hüceyrələrini hədəf alaraq onlarla mübarizə aparmağa başlayır."- deyə Heydey "Observer" qəzetinə danışıb.

Bu son 100 ildə xərçənglə mübarizədə əldə olunan ən vacib nəaliyyətlərdən biridir. Lakin əks təsirləri də mövcuddur. "Londonda, kliniki tədqiqatımı apardığım Qays xəstəxanasında, xərçəng xəstəliyinə görə immunoterapiya alan 140 xəstə var. Bizim xərçəngə qarşı dərmanlarımız bədxassəli şişlərlə mübarizədə immun sisteminin gücləndirilməsinə xidmət edir. Bu həmçinin revmatoid artrit və diabet xəstələrində rast gəlinən halla eynidir: onların immun sistemi də həddindən artıq aktiv hala gəlir. Nəticə etibarilə immunoterapiya ilə müalicə olunan bəzi xərçəng xəstələrində (xoşbəxtlikdən, az bir hissəsində) revmatoid artrit və 1-ci tip diabet xəstəliyi yaranmağa başlayır. İmmun sistemini gücləndirməklə biz həmin  insanların bu xəstəliklərə meyilliliyini artırmış oluruq. Beləliklə, biz xərçəng xəstələrində meydana gələn bu nadir vəziyyəti müşahidə etməyə başlayırıq."- deyə Heydey açıqlama verib. Bu hallar xərçəng xəstələri üçün mühüm problemlər ortaya çıxarır. Heydey deyir: "Biz xərçəng xəstələrinə müalicə tətbiq etdiyimiz zaman onların rahatlığının təmin olunmasına diqqət yetirməliyik, bizim əsas qayğımız budur".