Onlar qarşıdakı Dünya çempionatını buraxmalı olacaqlar


İdman 13 May 2018 12:30:00 370 0

Onlar qarşıdakı Dünya çempionatını buraxmalı olacaqlar

Mayın 11-i PSG-nin braziliyalı müdafiəçisi Daniel Alveşin 2018-ci il dünya çempionatından kənarda qalacağı dəqiqləşdi. Müasir futbolun ən titullu nümayəndəsi olan futbolçu möcüzə baş verməsə, Rusiyada yaşıl meydanlara çıxmayacaq. Goal.az mundialı zədə səbəbindən buraxmalı olacaq futbolçuları təqdim edir.

Rusiya millisi. Turnirin meydan sahibləri A qrupunda Səudiyyə Ərəbistanı, Misir və Uruqvayla mübarizə aparacaq. Qol epizodlarını tamamlamaqda problemlər yaşayan rusların ən diqqəti çəkən itkisi hücumçu Aleksandr Kokorindir. Martın 16-da dizindən ciddi zədə alan 27 yaşlı forvardın adı bir müddət Arsenal-la da hallanırdı. Bundan başqa, Viktor Vasin, Qeorqi Cikia (müdafiəçi) və Aleksandr Selixov (qapıçı) da dünya çempionatını azarkeş kimi izləməli olacaq.

Tunis millisi. 12 illik fasilədən sonra yenidən mundiala vəsiqə qazanan "Karfagen aslanları" yarımmüdafiəçi Yussef Msakninin xidmətlərindən yararlana bilməyəcək. Yerli mətbuat hesab edir ki, Messi Argentina üçün nə deməkdirsə, Msakni Tunis üçün odur.

Fransa millisi. Loran Kosilninin Avropa Liqasının yarımfinalında zədələnməsi Fransa millisini mərkəz müdafiəçisindən məhrum edib. Didye Deşamın komandasında müdafiə xəttinin problemləri, onsuz da hiss olunur.

İngiltərə millisi. 1966-cı ilin dünya çempionları 2 futbolçusunu itirib. Bunlar Aleks Oksled-Çemberleyn və Co Qomesdir (Liverpool). Oksled-Çemberleyn mövsümün ikinci yarısını yaxşı oynadığı üçün onun sıradan çıxması baş məşqçi Qaret Sautqeyti qayğılandırmaya bilməz.

Portuqaliya millisi. Porto-nun dayaq yarımmüdafiəçisi Danilo Pereyra pireneylilərin əsas heyət üzvü hesab olunmasa da, ehtiyat qüvvə kimi böyük əhəmiyyət daşıyırdı.

Almaniya millisi. Son dünya çempionatının qalibi Rusiyaya titulunu qorumaq üçün gələcək. Bəzi mütəxəsislər hesab edir ki, Bundestim ötən illərə nisbətən zəifləyib. 2017 Konfederasiyalar kubokunun finalında komandanın qələbə topunu vuran Lars Ştindl topuğundan zədələndiyinə görə mundiala televizordan baxmalı olacaq.

Mərakeş millisi. Betis-in müdafiəçisi Zohair Fəddal mllinin əsas heyət üzvü sayılmırdı. Amma uzun fasilədən sonra dördilliyin ən nüfuzlu turnirinə qatılacaq şimal-qərbi afrikalılar istənilən səviyyəli futbolçuya ehtiyac duyur.

Misir millisi. "Məhəmməd Salahın komandası" kimi təqdim olunan Misir yığmasında istedadlı futbolçular çoxdur. Ərəblərin qapıçısı Əhməd əl-Şənavi komandanın 1 nömrəsi olmasa da, mundialdan kənarda qalması üzücüdür.