Hamiləlik dövründə anemiya nədir?


Digərləri 12 May 2018 22:15:00 337 0

Hamiləlik dövründə anemiya nədir?

Anemiya hamiləlik dövründə yanaşı gedən və geniş yayılmış vəziyyətlərdəndir. Bir qayda olaraq, hamiləlik dövründə qadın dəmir defisiti anemiyası ilə üzləşir. Bu xəstəlik oksigenin orqan və toxumalara daşınmasına cavabdeh olan hemoqlobinin səviyyəsinin aşağı düşməsi ilə özünü büruzə verir.

Təbii ki, nəticədə qırmızı qan hissəcikləri - eritrositlərin miqdarı azalır. Anemiyanın üç ağırlıq dərəcəsi var - yüngül, orta və ağır. Bu xəstəlik ona görə təhlükəlidir ki, yüngül formada özünü praktik olaraq heç nə ilə göstərmir, yəni orqanizmdə baş verən hər hansı dəyişiklik barədə heç bir siqnal gəlmir.

Son.az hekimtap.az-a istinadən bildirir ki, hamilə qadında anemiya şübhəsi dəri rənginin avazıması nəticəsində yaranır. Ona görə də müntəzəm olaraq qan analizlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Əldə olunmuş nəticələr anemiyanın inkişafının qarşısını almaqda mütəxəssislərə kömək edəcək. Anemiyanın dölün inkişafına və doğuş prosesinə böyük təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir.      

Anemiyanın hamiləlik dövründə təhlükəsi Anemiya artıq hamiləliyin ikinci yarısında özünü göstərir, pik həddinə isə 29 və 36-cı həftədə çatır. Bu, ona görə baş verir ki, hamiləlik dövründə orqanizmin dəmirə olan tələbatı hədsiz çox olur. Çünki dəmir hemoqlobinin yaranmasında mühüm rol oynayır ki, gələcəyin anası və dölün buna böyük ehtiyacı var. Əgər dəmirin sərfiyyat sürəti hamilə qadının orqanizminə daxil olan dəmirin sərfiyyat sürətindən artıqdırsa, anemiya yaranır və buna da mütləq müalicə tələb olunur.

İş ondadır ki, anemiyanın qarşısı alınmasa, xoşagəlməz halların baş verməsi mümkündür. Buraya hamiləliyin ikinci yarısında toksikozun inkişafı, vaxtından əvvəl doğuş riskini aid etmək olar. Bundan başqa, doğuş prosesində qanaxmanın çox olması müşahidə edilə bilər, çünki anemiya qanın qatılaşma prosesinə mane olur.

Anemiya doğuşdan sonrakı dövrdə müalicə olunmazsa, süd ifrazının azalması müşahidə edilə bilər. Ananın orqanizmdəki dəmir defisiti dölün bətndaxili inkişafı üçün təhlükəlidir. Belə ki, oksigen və qida maddələrinin çatışmazlığı yaranır, döldə hipoksiya və hipotrofiya riski əhəmiyyətli dərəcədə artır. Bunun da nəticəsində uşaq zəif doğula bilər, yaxud da çəki azlığı, zəif immunitet, infeksion xəstəliklərə həssaslıq qeydə alına bilər.