"Güzəştli mənzillər": 5 suala 5 cavab


Digərləri 12 May 2018 19:11:00 577 0

"Güzəştli mənzillər": 5 suala 5 cavab

Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilən və "güzəştli evlər" kimi tanınan mənzillərin satışına başlanıb.

Agentliyin saytında yerləşdirilən məlumata görə, Yasamal Yaşayış Kompleksində satış avqustun 7-nə kimi aparılacaq.

Bakının Yasamal rayonunda yerləşən yaşayış kompleksində 4 binada 260 mənzil satışa çıxarılıb.

Agentlik bildirir ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Güzəştli mənzilləri kim ala bilər?

Agentliyin açıqlamasına görə, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququ var.

Elektron kabineti olanlar isə mənzillər satışa çıxarılandan sonra kim mənzil almaq üçün sayta daxil olub istədiyi mənzil üçün birinci olaraq düyməni bassa, həmin mənzil onundur.

Güzəştli mənzil almaq üçün hansı kriteriyalar var?

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:

Şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər; ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər; idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:

Elmlər doktoru elmi dərəcəsi olan şəxslər; ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər; ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları; ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər; ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.

Hazırda istidafəyə verilən kompleksdə mənzillər neçəyədir?

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.

Mənzilləri öz vəsaiti hesabına, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına və digər kredit təşkilatlarından maliyyə cəlb etməklə əldə etmək olar.

Mənzil ipoteka krediti ilə alındığı zaman, 10 faiz minimal ödəniş tələb olunur. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.