Təhlükəli çəyirtkələrlə bağlı


Digərləri 12 May 2018 14:42:00 287 0

Təhlükəli çəyirtkələrlə bağlı

Bu ilin aprelin 19-da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Son.az-a verilən məlumata görə, Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri tərəfindən dövlət büdcəsi ayrılan vəsait hesabına aparılan mübarizə tədbirləri nəticəsində bu günə qədər Saatlı rayonu ərazisində 6100 hektar, İmişli rayonu ərazisində 3500 hektar, Biləsuvar rayonu ərazisində 4400 hektar, Sabirabad rayonu ərazisində 1600 hektar, Hacıqabul rayonu ərazisində 200 hektar və Beyləqan rayonu ərazisində 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Bu günə qədər Respublika üzrə ümumilikdə 15900 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Mübarizə tədbirləri "Pikap" tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik "AU 8115 M" çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir və mübarizədə "Super Alpha 10 ULV" və "Super Alpha 250 EC" tərkibli preparatlardan istifadə edilir.

Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir.