Qaçan məhbuslara görə tutulan qarovul rəisinin həbs müddəti yenidən uzadıldı


Digərləri 12 May 2018 12:38:00 260 0

Qaçan məhbuslara görə tutulan qarovul rəisinin həbs müddəti yenidən uzadıldı

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C. Səmədovun həbs müddəti 3 ay, avqustun 23-dək uzadılıb:

Xatırladaq ki, C.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu il mayın 23-də başa çatırdı.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb. Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilmiş, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.