Bir istirahət macərası: Antalya sizi gözləyir FOTO


Digərləri 12 May 2018 09:50:00 305 0

Bir istirahət macərası: Antalya sizi gözləyir  FOTO

Türkiyədə olmusunuz? Antalyada? Alanyada?

Olubsunuzsa, Antalya və Alanyanın cazibəsini hiss etmisiniz.

Sözüm həmin məkanlarda olmayanlaradı. Ki, olsunlar və həmin məkanların ecazkar gözəlliyini görsünlər, duysunlar, hiss etsinlər.

Türkiyədəki kurortlar arasında Alaniya tam fərqli, unudulmaz və möcüzəlidir. Burada təptəmiz qumlu çimərliklər, dənizin lacivərd suları, Günəşin şəfqətli şüaları, füsünkar dəniz mağaraları, hələ qədim Yunanıstan dönəmində tikilmiş qədim şəhər qalıqları var.

Antalyadakı "Mucarnas Hotel"dən Alanyaya yol alırıq. Burası Antalya əyalətinin bir bölgəsi, Aralıq dənizinin sahilidir.

Antalya ilə Alanyanın arası 138 kilometrdir.

Alanyada kurort infrastrukturu əla inkişaf edib. Ən fərqli səviyyəli çoxlu otellər, çox rahat və təmiz çimərliklər, saysız-hesabsız dükanlar var.

Yəni buraya üz tutan istirahət günlərinin az qala hər dəqiqəsini maraqlı yaşaya bilər.

Rahat, ucuz, sərfəli "Buta"

Antalyaya "Buta Airways" aviaşirkətinin təyyarəsində yollandım. AZAL-ın son illərdəki ən uğurlu innovasiyalarından biri, bəlkə də birincisi sayıla biləcək bu aviaşirkətin Bakı-Antalya reysi ilə uçan "Bombardier" təyyarəsi rahatdır.

İndiyədək dünyanın fərqli ölkələrinin müxtəlif aviaşirkətlərinin "biznes-klass"ları ilə yanaşı, "loukoster"lərin xidmətlərindən yararlanmış bir şəxs kimi qətiyyətlə yazıram: doğma "Buta" servis və rahatlıq baxımından heç bir aviaşirkətdən geri qalmır. Hətta ən populyar loukosterləri belə, üstələyir.

Səbəblər çox deyil, amma əhəmiyyətlidir.

Əvvəla, "Buta Airways"in təyyarələrinin salonları "RianAir" və ya "Thomas Cook Flights"dan fərqli olaraq, çox təmizdir.

"Buta"nın stüard və stüardessalarının sərnişinlərə diqqətli və qayğılı yanaşmaları KLM və ya "Qatar"ın biznes-klasındakı davranışdan fərqlənmir.

Və ən nəhayət, "Buta"nın pilotları təyyarəni məharətlə idarə edirlər - Rusiya, Ukrayna və ya Polşanın loukoster aviaşirkətlərinin yarıhəvəskar təsir bağışlayan pilotlarından fərqli olaraq.

"Buta"nın sərnişinlərinin hava limanında qeydiyyat və keçid proseduru da olduqca sadə, rasional və sürətlidir.

Son arqument isə "Buta Airways"də uçuş tariflərinin sərfəli, biletlərin ucuz olmasıdır.

Sərfəli qiymətə rahat uçuş - bundan yaxşı nə ola bilər ki...

Makedoniyalı İsgəndərin şəlaləsi və iki Kəpəz

Antalyanın Düdən səmtində unikal məkan var - Düdən şəlalələri...

Düdən şəlalələrinin biri Antalyanın şimal-şərqindədir və "Makedoniyalı İsgəndər şəlaləsi" kimi tanınır. "Karpuzkaldıran" adlı ikinci həlalə isə şəhərin şərqindədir.

Hər iki şəlalənin mənbəyi Antalyadan 30 km aralıdakı Burdurdan axan Kırközler çayıdır.  Çay üzərindəki iki su-elektrik stansiyasının da bizə doğma adları var - "Kəpəz 1" və "Kəpəz 2".

Şəlalələrin Aralıq dənizinə axdığı yerdə park var. Baş çəkməyə, dincəlməyə dəyər.

Şəhər kimi otel

Antalyada hava limanında "Buta Airways"in təyyarəsini tərk edərək yollandım Antalyanın Kəmər bölgəsinə, Beldibi deyilən məkandakı "Rixos Sungate" otelinə.

Beşulduzdu, lyuks otel Antalya körfəzinin sahilində 250 min kvadrat metrlik sahəyə malikdir.

Yəni şəhərcikdir, əyləncə və istirahət şəhəri, əsl relaks yeridir.

Otelin 720 metr uzunluğunda çimərliyi, spa-mərkəzi, akvaparkı, geniş eyvanlı və incə zövqlü interyerə malik nbmrələri var.

"Rixos Sungate" otelində "hər şey daxil" prinsipi var. 2 restoranda "İsveç masası" prinsipi hakimdir: yüzlərlə çeşiddə təamdan nə qədər istəyirsənsə, ye.

7 restoranda isə Meksika, İtaliya, Yaponiya, Çin, Fransa, İspaniya mətbəxi əsasında menyulardır.

Üstəlik, oteldə çoxlu barlar və diskotekalar var.

Orada olduğum günlərdə "Rixos"da "MayFest" adlı musiqi festivalı idi. MDB məkanının məşhur müğənniləri otelin sakinləri üçün konsertlər verdilər.