Xəstələrə yazılan dərmanların əlavə təsirlərini klinikalar da araşdıracaq


Digərləri 11 May 2018 21:33:43 237 0

Xəstələrə yazılan dərmanların əlavə təsirlərini klinikalar da araşdıracaq

Azərbaycanda dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilir. Bu məqsədlə bütün müalicə-profilaktika müəssisələri də xəstələrə yazılan dərmanlarla bağlı problemlərin aşkarlanması üçün nəzarət işləri həyata keçirəcəklər. Trend-in məlumatına görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni əlavələr edilir. Qanuna təklif edilən yeni əlavəyə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, farmakonəzarət üzrə işləri həyata keçirən bu sahə üzrə məsul şəxs təyin edəcək. Müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digər əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Yeni dəyişikliklər layihəsinə görə, farmakonəzarət dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələri ilə əlaqəli digər problemlərin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində aparılan fəaliyyət və elmi tədqiqatdır.