Millimiz ABŞ-a böyük hesabla uduzdu


İdman 11 May 2018 20:06:00 243 0

Millimiz ABŞ-a böyük hesabla uduzdu

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub. Goal.az xəbər verir ki, yığmamız bu gün 3-cü yer uğrunda oyunda Amerika Birləşmiş Ştatlarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb. Komandamız turniri 4-cü sırada başa vurub. Oyundan sonra komandanın baş məşqçisi Vüqar Məmməd bunları deyib:

“Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım. Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib, taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibəti ilə təbrik edirəm. Ümumilikdə turnir haqda onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunub. Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində “Mançester Yunayted”, “Liverpul”, “Şalke”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi. Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdır. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idilər və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı. Futbolçuların hər birindən razı qaldım, onlar millinin formasını geyinməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərimizdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacağam. Birlikdə planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”.