Saatlıda süd emalı müəssisəsi istifadəyə verilib (FOTO)


Digərləri 11 May 2018 17:55:00 282 0

Saatlıda süd emalı müəssisəsi istifadəyə verilib (FOTO)

"Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bakı. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə nazirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Müəssisənin açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni süd emalı müəssisəsinin istifadəyə verilməsinin heyvandarlıq sahəsinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini vurğulayıb.