Pakistanda amerikalı diplomatların hərəkət azadlığına məhdudiyyət qoyulub


Dünya 11 May 2018 16:11:26 238 0

Pakistanda amerikalı diplomatların hərəkət azadlığına məhdudiyyət qoyulub

Məhdudiyyətlər viza rejimi, bir neçə pasportdan və nəqliyyat vasitələrində diplomatik nömrələrdən istifadəyə aid olacaq

Pakistanın Xarici İşlər Nazirliyi amerikalı diplomatların ölkəyə girişinə və hərəkətlərinə məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq bildiriş artıq İslamabaddakı ABŞ səfirliyinə göndərilib.

Məhdudiyyətlər viza rejimi, bir neçə pasportdan və nəqliyyat vasitələrində diplomatik nömrələrdən istifadəyə aid olacaq.

Məhdudiyyətlərə uyğun olaraq, amerikalı diplomatların şəxsi əşyaları sərhəddə icbari qaydada yoxlanılmalıdır. Bundan əlavə, diplomatik işçilər ölkə ərazisində içərisi görünməyən pəncərələri olan avtomobillərdə hərəkət edə, daha öncədən biometrik yoxlama və qeydiyyatdan keçməmiş SIM kartlardan istifadə edə bilməyəcəklər. Həmçinin Pakistan səlahiyyətliləri diplomatların kirayəyə götürüdüyü evlərdə zəruri radioqurğular quraşdıra biləcək.

Qeyd edək ki, bu addımlar ABŞ-ın Pakistana qarşı tətbiq etdiyi və bu gündən qüvvəyə minən məhdudiyyətlərə cavab olaraq atılıb.