Prezident İlham Əliyev Bakıda "Dinamo" otelinin açılışında iştirak edib - YENİLƏNİB


Siyasət 11 May 2018 13:24:00 235 0

Prezident İlham Əliyev Bakıda "Dinamo" otelinin açılışında iştirak edib - YENİLƏNİB

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər

Bu günBakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Otelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Otelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda otelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.

Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.

Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi turizm sektorunun əsas xidmət istiqamətlərindən olan müasir otel sisteminin yaradılması baxımından son illərdə çox mühüm işlər görülüb. “Dinamo” otelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünün oxşaması və rahatlıq əsas meyar kimi seçilib.

Otellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivilə görüşüb.

Bakıda yeni müasir otellərin, mehmanxana komplekslərinin istifadəyə verilməsi paytaxtımızın turizm potensialını tam nümayiş etdirməyə şərait yaradır. Bununla yanaşı, bu tədbirlər ölkəmizdə mühüm sosial infraskturtur layihələrinin icrasının davamlı olduğunu və müxtəlif sahələri əhatə etdiyini göstərir. Bu cür layihələrin uğurla həyata keçirilməsi sübut edir ki, Azərbaycanda başlanılan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilir.

Sonda xatirə şəkli çəkdirilib.

*** 11:47

Bu gün Bakıda "Dinamo" otelinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşüb.