Fərid Cəfərov: "Ulu Öndərin gənclərlə bağlı dediyi hər kəlmə gənclər siyasəti sahəsində fəaliyyət göstərən hamı üçün böyük bir yol xəritəsidir" FOTO


Siyasət 11 May 2018 12:53:00 380 0

Fərid Cəfərov: "Ulu Öndərin gənclərlə bağlı dediyi hər kəlmə gənclər siyasəti sahəsində fəaliyyət göstərən hamı üçün böyük bir yol xəritəsidir"  FOTO

Bu gün Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən F.Cəfərov bildirib ki, bu gün ölkə həyatında elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi, imzası olmasın: "Təbii ki, həm sosial-iqtisadi, həm mədəni, həm siyasi sahələrdə əldə etdiyimiz bütün uğurların, naliyyətlərin təməlində Heydər Əliyevin müdrik siyasəti və uzaqgörən fəaliyyəti dayanır. Təbii ki, bu sahələrin sırasında gənclər siyasəti də heç istisna deyil və hətta mən deyərdim ki, gənclər siyasəti Heydər Əliyevin fəaliyyətinə baxdıqda xüsusi yer tutur. Heydər Əliyev tərəfindən gənclər siyasətinə xüsusi diqqət yetirilib, bir növ Ulu Öndər gənclərə ata qayğısı ilə xüsusi münasibət göstərirdi və biz videoyazılara baxdıqda şahidi ola bilərik ki, Ümummilli Lider protokol qaydalarına məhəl qoymadan gənclərimizlə daim səmimi ünsiyyətdə olub, onların sevinc və kədərini bölüşüb, qayğılarına şərik çıxıb. Bu da təbii ki, Heydər Əliyevin gənclərin gözündə ucalmasına səbəb olub".

F.Cəfərovun sözlərinə görə, hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı və gələcək Azərbaycanın peşəkar gənclərlə, peşəkar kadrlarla təmin olunmasında əvəzsiz rol oynayıb: "Bu, Sovet dönəmində minlərlə Azərbaycan gəncinin Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Moskvada, Kiyevdə, Peterburqda, Minskdə və digər şəhərlərdə ali təhsil almasına şərait yaradılmasında öz təzahürünü göstərib və məhz bu peşəkarların Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizi bərpa etdikdən sonra yeni Azərbaycanın qurulmasında əvəzsiz töhfələri olub və onların bir çoxu hazırda da bu sahədə xidmətlərini davam etdirirlər".

Fondun icraçı direktoru qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev gənclər siyasəti sahəsindəki fəaliyyətini və gənclərin inkişafına göstərdiyi töhfələri davam etdirib: "Bilirsiniz ki, o dövrdə çox xaotik bir vəziyyət idi, Azərbaycanda hərc-mərclik idi və Heydər Əliyev Azərbaycanı yalnız bu böhran vəziyyətindən xilas etməyib, həmçinin gələcək inkişafın əsasını qoyub. Əslində bu, mümkünsüz bir missiya idi. Azərbaycan gəncləri, onları bugünkü işıqlı yola aparan uğurlu gənclər siyasətinin əsasını qoymuş Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirlər".

F.Cəfərov vurğulayıb ki, Heydər Əliyevin fəaliyyətini, irsini tədqiq edərkən görünür ki, gənclər siyasəti sahəsində Ulu Öndərin gənclərlə bağlı dediyi hər bir kəlmə gənclər siyasəti sahəsində fəaliyyət göstərən dövlət qurumları üçün, qeyri-hökumət təşkilatları üçün, icmalar üçün böyük bir yol xəritəsidir: "Onların sırarında Heydər Əliyevin məşhur bir kəlamı var idi ki, "Bu gün gənclərimizə nəyi və necə öyrədəcəyimizdən cəmiyyətimizin gələcək inkişafı asılıdır" ifadəsini göstərmək istərdim. Bu gün bu kəlam kifayət qədər aktualdır və bütün dövlət qurumları, o cümlədən Gənclər Fondu da bu kəlamı həmişə öz fəaliyyətini rəhbər tutur. Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz hissəsidir, hətta deyə bilərik ki, Azərbaycan tarixində Heydər Əliyevin erası kimi səciyyələndirdiyimiz xüsusi bir dövr var və Heydər Əliyevin ideya və fikirləri daim yaşayacaq".

F.Cəfərov bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti daha geniş miqyasda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın uğurları daha da artır: "Bir ay bundan öncə keçirilən prezident seçkilərində Azərbaycan xalqı, o cümlədən gənclər İlham Əliyev kursuna səs verdilər".

Daha sonra Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva "Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev" modeli mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Heydər Əliyevin fəaliyyəti və gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bugünki inkişafa nail olub.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını xatırladan İ.Babayev Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu bildirib. Nazir müavini qeyd edib ki, Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət yetirib: "Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda əqidəli, vətənpərvər gənclik formalaşıb. Azərbaycan gənclər siyasəti bir model olaraq digər dövlətlər tərəfindən tətbiq olunur".

İ.Babayev ilk dövrlərdə gənclər üçün həyata keçirilən gənclər siyasətinin sonradan gənclərin iştirakı ilə həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu gün bütün rayon və şəhərlərdə Gənclər və İdman Nazirliyinin qurumları mövcuddur: "Gənclər Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mən inanmıram ki, hansısa ölkədə gənclər siyasətinə bu qədər önəm verilsin. Gənclər və İdman Nazirliyi ilə bərabər Gənclər Fondu gənclər təşkilatlarının və fəal gənclərin layihələrinə dəstək verir".

Daha sonra təbridə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Orucov Heydər Əliyevin hər zaman milli ideologiya daşıyıcısı olduğunu qeyd edib. O bildirib ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Xidmətində çalışdığı dövrdə milli kardların irəli çəkilməsinə xüsusi diqqət yetirib: "Sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev iqtisadi, mədəni inkişafa nail olub, dayanıqlı inkişaf üçün zəminlər yaradıb. 1993-cü ildə Ali Sovetin sədri seçilərkən Heydər Əliyev ilk öncə məhz gənclərlə görüşüb. Bu dayanıqlı iqtisadi inkişaf və gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

S.Orucov bildirib ki, bu gün Azərbaycan gəncləri dünyanın istənilən aparıcı universitetlərində təhsil alırlar və Azərbaycanı layiqincə təmsil edirlər, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırlar: "Bu ondan xəbər veir ki, Azərbaycan dayanıqlı inkişafı təmin edib. 90-cı illərdə Bakıda əlisilahlı adamlar gəzirdisə, bu gün Bakıda turistlər gəzirlər, bu gün biz Azadlıq meydanında Formula 1 keçiririk. Baxın, 25 ildə biz nələr əldə etmişik və bundan sonra da inkişaf edəcək. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir".