Ermənistanın müdafiə naziri vəzifəsinə namizədin adı açıqlanıb


Dünya 11 May 2018 12:35:30 272 0

Ermənistanın müdafiə naziri vəzifəsinə namizədin adı açıqlanıb

4 nazirliyin “Çiçəklənən Ermənistan” Partiyasına veriləcəyi bildirilir

Ermənistanın müdafiə naziri vəzifəsinə general-leytenant Vaqarşak Arutyunyanın təyin ediləcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Jamanak” məlumat yayıb.

V.Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələk bölgəsində doğulub 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1978-ci ildə Bakıda keçmiş S.M.Kirov adına Xəzər Ali Hərbi-dəniz Məktəbini bitirib. Rusiya ilə çox yaxşı münasibətləri var. Qarabağdakı terrorçu separatçılar onun müdafiə naziri olmasını istəyirlər. O, 2002-ci ildə keçmiş baş nazir Aram Sarkisyanın başçılıq etdiyi, müxalifətdə olan Ermənistan Respublikaçılar Partiyasına üzv olub.

Ermənistan hökumətinin yeni üzvləri ilə bağlı məsləhətləşmələrin davam etdiyi bildirilir. Baş nazir Nikol Paşinyan səhiyyə nazirinin indiki müavini Samvel Marqaryanı nazir vəzifəsinə təyin etmək istəyir.

“Joxovurd” öz mənbələrinə istinadən bildirib ki, mayın 10-da baş nazir Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan görüşüb. Tsarukyan Paşinyanı dəstəkləyib, hökumətdə təmsil olunmayacaqlarını dəfələrlə bildirsə də, bununla onların da hökumətdə təmsil olunacaqları gözlənilir. Görüşdə Fövqəladə Hallar, Energetik İnfrastruktur və Təbii Ehtiyatlar, Nəqliyyat, Rabitə və İnformasiya TexnologiyalarınazirliklərininQaqik Tsarukyanın partiyasına veriləcəyi vurğulanıb.

Eyni zamandaRespublikaçılar Partiyasının üzvü, Yerevanın meri Taron Marqaryanın da istefa verəcəyi gözlənilir. Paşinyanla Tsarukyan arasında bu posta namizədin də müzakirə olunduğu bildirilib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da tutduğu vəzifədən istefa verəcəyi gözlənilir. Onun artıq yır-yığış etməyə başladığı barədə məlumat yayılıb.

Qeyd edək ki, mayın 10-da Ermənistan prezidenti Armen Sarkisyan polis başçısı vəzifəsinə Yerevan polisi rəisinin sabiq müavini Valeri Osipyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru postuna isə Xidmətin Yerevan üzrə idarəsinin rəis müavini Artur Vanetsyanı təyin edib.