“Həmkarlarımın intim videolarını yayanları qınayıram”


Şou-biznes 10 May 2018 22:12:00 244 0

“Həmkarlarımın intim videolarını yayanları qınayıram”

Tanınmış müğənni həyat və yaradıcılığındakı çətinliklərlə mübarizə aparır, valideynlərini isə neqativlər və problemlərdən uzaq tutmağa çalışır

Azərbaycanın əməkdar artisti Lalə Məmmədova çox nadir hallarda jurnalistlərə müsahibə verir. Hesab edir ki, bunun üçün səbəb olmalıdır. Bu dəfə müğənni KİV nümayəndələrini başına toplayıb onlara özü ilə bağlı yeniliklərdən danışıb.

Son.az Sputnik Azərbaycan-a istinadən müsahibəni təqdim edir:

- Lalə xanım, mümkünsə, bizə Türkiyədəki uğurlarınızdan danışın.

- Bu günlərdə mən türk ulduz Müşərrəf Akayın "Əziz dostlar" verilişində qonaq oldum. Mən uşaqlıqdan onun mahnılarını sevmişəm. Müşərrəf Akay Bakıda çıxış edəndə, insanlar sonuncu pullarını da onu görmək üçün verirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, haçansa mənim onunla görüşmək imkanım olacaq. Həmkarımla söhbət edərkən başa düşdüm ki, onlarla bizim ifaçıların problemləri fərqlidir. Türkiyədə müğənni üçün hər cür şərait yaradırlar ki, o, öz mahnılarını oxusun, ona hörmətlə yanaşırlar. Mən də çox istərdim ki, bizdə də belə olsun. Veriliş başlayana qədər mənə konvertdə qonorar məqsədilə kiçik məbləğdə pul verdilər. Bu, mənim üçün içəridə baş verənlər qədər önəmli deyildi. Amma görün onlar sənətkarın işinə nə qədər dəyər verirlər. Bizdə isə belə deyil. Düşünürəm ki, bu, bizim televiziyaların başlıca problemidir.

Çox kədərlənirəm və özümə belə bir sual verirəm ki, axı niyə biz pulu yalnız toylardan qazanmalıyıq? Mən də istəyərdim ki, efirə çıxanda, radioda mənim, yaxud da həmkarlarımın ifaları səslənəndə buna görə bizə qonorar ödənəydi. Axı biz o qədər zəhmət çəkirik, öz layihələrimizə pul qoyuruq, lakin qarşılığında heç nə almırıq. Mən heç də bütün ifaçıları nəzərdə tutmuram, yalnız o adamları nəzərdə tuturam ki, onlar öz yaradıcılıqları ilə uğur əldə ediblər. Əminəm ki, bu sözlərimdən sonra bir çox telekanallar mənə qadağa qoyacaq.

- Təşkilatçılar sizi xaricdə çıxışa dəvət edəndə onların qarşısında hansısa şərtləri qoyursuz?

- Mən heç vaxt elə də böyük tələblər qoymamışam. Əsas şərtim o olub ki, mənim üçün uyğun reys seçsinlər və qalacağım yer təmiz olsun. Mən Rihanna, Beyonse kimi çoxlu şərtlər qoya bilmərəm, çünki onlar milyonlarla pul qazanırlar, biz isə yox.

- Bu gün populyar olan primitiv mahnılara münasibətiniz necədir?

- Düşünürəm ki, tamaşaçıların zövqü korlanıb. Sovet dövründə ifaçıları neftçilərə, pambıqçılara, ucqar dağ kəndlərinin sakinlərinə konsert verməyə göndərirdilər. Beləliklə, dinləyicilərin zövqü formalaşırdı. İndi isə bunların heç biri yoxdur.

- İstənilən qadın, hələ yanında kişi yoxdursa, güclü olmaqda çətinlik çəkir. Sizi zərif cinsin güclü nümayəndəsi hesab etmək olarmı?

- Əgər qadın təkbaşına bütün problemlərinin öhdəsindən gəlirsə, özü uşaqlarını tərbiyə edirsə, bütün ədalətsizliklərə qarşı dayanırsa, o artıq güclü qadındır. Amma mən hesab edirəm ki, əsl güclü qadın yalnız özünü yanında kişi dayananda güclü sayır. Tənha insan güclü ola bilməz. Mən ən çətin vaxtlarımda həmişə tək olmuşam. Yalnız Allaha və öz valideynlərimə ümid bəsləmişəm.