Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd Bakıda kimləri tutmuşdu...


Dünya 10 May 2018 22:17:00 237 0

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd Bakıda kimləri tutmuşdu...

Ötən gün ABŞ Senatında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd irəli sürülmüş Cin Haspelin namizədliyinə dair gərgin dinləmələr keçirilib. Virtualaz.org xəbər verir ki, senatorlar Cin Haspeli əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında "Əl-Qaidə" terrorçularının dindirilməsi zamanı suda boğma üsulundan istifadə etdiyinə görə bərk sıxışdırıblar. Habelə onu həmin dindirmələrin videoyazılarını məhv etməkdə günahlandırıblar.

Cin Haspel dinləmələr zamanı dəfələrlə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsini direktoru vəzifəsinə təsdiqlənərsə heç vaxt bu cür sərt dindirmə praktikasından istifadə etməyəcək. Hətta buna formal olaraq qanunla icazə verilsə belə.

Cin Haspel işgəncə kimi qiymətləndirilən sudaboğma imitasiyasından 2001-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Tailanddakı rezidenti işləyərkən istifadə edib. 2004-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin"Əl-Qaidə"çilərə qarşı işgəncə taktikasından istifadə etdiyi haqda faktlar üzə çıxanda Cin Haspel və onun bossu Xose Rodriqes də qalmaqalın mərkəzində yer alırdı. Bu qalmaqal bir neçə il davam edib, nəhayət Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini onun hərəkətlərinə haqq qazandırıb və Haspel idarədə işləməkdə davam edib.

Prezident Donald Tramp Haspelin namizədliyini irəli sürəndə məhz bu fakt onun yolunda əsas maneə hesab edilirdi. Haspel MKİ-nin imicinə zərbə vurmamaq üçün namizədliyinin Senata təqdim edilməsinə razı olmayıb. Tramp və müşavirləri onu iki gün dilə tutub, nəhayət Haspel MKİ direktoru olmağa razılaşıb.

Senatda dinləmələr zamanı Haspelin bioqrafiyasından indiyədək məxfi olan detallar da açıqlanıb. Hərçənd həmin məxfi detalların bir qismi, o cümlədən Haspelin Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin rezidenti olması daha əvvəl mətbuatda yayılmışdı.

Cin Haspel rus və türk dillərini əla bilir. O, təsdiqlənərsə MKİ-nin rus dilini mükəmməl bilən ilk direktoru olacaq.

Haspel Rusiyada başqa ad altında işləyib. Bakıda isə 90-cı illərin ortalarından MKİ-nin rezidenturasına başçılıq edib. O, 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumu həyata keçirən yüksək rütbəli "Əl-Qaidə" terrorçularının Bakıda yaxalanması əməliyyatında iştirak edənlərdən biridir.