"Azercell"in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir


Digərləri 10 May 2018 17:57:41 198 0

"Azercell"in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startaplara layihələrinin uğurla reallaşdırılması, onların dünyagörüşünün artırılması üçün dəstəyini davam etdirir.

Bakı. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startaplara layihələrinin uğurla reallaşdırılması, onların dünyagörüşünün artırılması üçün dəstəyini davam etdirir. Şirkətdən Trend-ə verilən məlumata görə, mərkəzin 2017-ci ildə start verdiyi “Mentorlarla səhər yeməyi” layihəsi çərçivəsində gənc startaplar nüfuzlu və öz sahəsində uğur qazanmış sahibkarlarla mütamadi olaraq görüşürlər. Bu dəfəki görüş marketinq, strategiya, tədbirlərin idarə edilməsi və biznesin inkişafı üzrə peşəkarlaşmış, hal-hazırda "Seedstars" Orta Şərq və Şimali Afrikanın Regional Biznes İnkişafı Meneceri vəzifəsində çalışan və bu bölgədə şirkətin genişlənməsinə liderlik edən Kamran Səmədli ilə baş tutub. Hər ay Barama mərkəzi tərəfindən təşkil olunan görüşlərdə uğurlu biznes adamları və sahibkarlar gənc startaplarla aktual məsələləri və üzərində çalışdıqları layihələri müzakirə edir, gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər verir. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə diskussiyalar da aparılır.