Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" AzərbaycanRusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub


Digərləri 10 May 2018 16:22:00 272 0

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" AzərbaycanRusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub

Mayın 10-da Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.

Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs" mövzusunda tarixi-sənədli sərginin açılması təsadüfi deyil. Bununla bağlı keçirilən mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov unikal sərginin təşkil edildiyini bildirərək, Mərkəzin və Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yönələn layihələri hər zaman dəstəklədiyini diqqətə çatdırdı.

Anar Ələkbərov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işləri qeyd etdi. O, Ulu Öndərin irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması ilə məşğul olan Heydər Əliyev Mərkəzində təşkil edilən sərgilər və tədbirlər sırasında Rusiya mədəniyyət və incəsənət xadimlərinin işlərinin də geniş yer aldığını vurğuladı və sərgini təşkilatçılarına minnətdarlığını bildirdi.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxudu.

Müraciətdə Azərbaycan xalqının Ümummilli Liderinin siyasi müdrikliyi və uzaqgörənliyi qeyd edilir, Heydər Əliyevin nəinki həmvətənləri, bütün dünyada böyük nüfuza malik olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Ulu Öndər Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafını əsas məsələlərdən biri sayırdı. "Çox xoş haldır ki, bu kursu Prezident İlham Əliyev layiqincə davam etdirir", - deyə Vladimir Putinin müraciətində vurğulanır.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu.