Trampın qərarı - İran yenidən gündəlikdə - ŞƏRH


Digərləri 10 May 2018 15:11:33 167 0

Trampın qərarı - İran yenidən gündəlikdə - ŞƏRH

ABŞ İrana qarşı qaldığı yerdən mübarizəyə başlayıb

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı İranla bağlı verdiyi vədə əməl edib. O, prezidenti seçiləcəyi təqdirdə, ABŞ-ın 2015-ci il iyulun 15-də İranla "altılıq" ölkələri arasındaimzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxacağını dəfələrlə vurğulamışdı və buna da əməl elədi. Bu baxımdan, Donald Trampın atdığı addımı gözlənilməz saymaq olmaz. O, bunu həm “altılıq”dakı (ABŞ, Britaniya, Almaniya, Fransa, Çin, Rusiya) müttəfiqlərinə, həm də İran hakimiyyətinə açıq bəyanatları ilə çatdırmışdı. Çünki Donald Tramp İranla bağlı yeni strategiyasına dair çıxışında İranı terrorun maliyyələşdirilməsində, nüvə razılaşmasının müddəalarını pozmaqda günahlandırmışdı.

Yeri gəlmişkən,Ağ evin indiki yiyəsi mayın 9-da ABŞ-ın İranın nüvə razılaşmasından çıxdığını bildirib: “ABŞ nüvə şantajının girovuna çevrilməyəcək. İran dünyada terrorçuluğun əsas himayədarıdır”. Donald Tramp bildirib ki, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb: “İndi bizdə İranın vədinin yalan olması barədə əsaslı sənədlər var”. O, İrana qarşı daha güclü sanksiyalar tətbiq edəcəyini də vurğulayıb: “Bu sanksiyalar İranın pis niyyətli fəaliyyətinə yardım göstərənlərin hamısına qarşı tətbiq olunacaq”.

Bu arada Ağ evin rəsmi nümayəndəsi Sara Sanders İrana qarşı yeni sanksiyaların artıq gələn həftə tətbiq ediləcəyini açıqlayıb. Ağ ev də ABŞ-ın İrana qarşı tələblərinin siyahısını dərc edib: “İran heç vaxt nüvə silahının istehsalı ilə məşğul olmamalı, qitələrarası ballistik və nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməlidir, həmçinin raket texnologiyalarının digər ölkələrə ötürülməsini dayandırmalıdır”. Bəyanatda vurğulanıb ki, İran “Hizbullah”, HƏMAS, “Taliban”, “Əl-Qaidə” kimi terrorçu, ekstremist qruplaşmaları dəstəkləməyə, İsraili yer üzündən siləcəyi kimi bəyanatlar verməyə son qoymalı, Körfəz və Qırmızı dənizdə hərəkəti dayandıracağına dair təhdidlərdən əl çəkməli, Yəməndəki münaqişəni qızışdırmamalı, qiyamçı husiləri silah-sursatla təmin etməməlidir. Bundan başqa Ağ ev tələb edir ki, Tehran hakimiyyəti ABŞ və İsrailin da yer aldığımüttəfiqlərinə qarşı kiberhücumlara son qoymalı, insan hüquqlarının kobud şəkildə pozulması hallarına bir daha yol verməməli, ABŞ vətəndaşları da daxil olmaqla əcnəbilərin qanunsuz həbsdə saxlanılmasına son qoymalıdır.

Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Tereza Mey və Almaniya kansleri Angela Merkel

Donald Trampın bu qərarına ABŞ-ın “altılıq”dakı müttəfiqləri dəmünasibət bildiriblər. Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makronun imzaladığı birgə bəyanatda tərəflər ABŞ-ın bu qərarını narahatlıqla qarşıladıqlarını bildiriblər. Onlar müqaviləyə sadiq qaldıqlarını və bunun ümumi təhlükəsizlik üçün vacib olduğunu vurğulayıblar. Tərəflər İranla nüvə sazişininBMT-nin Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəkləndiyini və bütün tərəflərin müqavilənintam həyata keçirilməsi üçün məsuliyyətlə addımlamalı olduqlarını bildiriblər. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini isə deyib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük uğurlarındandır: “Bu müqavilə hamımıza aiddir. Sazişi beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Müqavilə regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz sazişə sadiqliyimizidavam etdirəcəyik”.

Beləliklə, DonaldTrampetirazlara baxmayaraq, özünün Orta Şərqə dair daha bir vədinə əməl etdi. Bununla da Avropa İttifaqındakı strateji müttəfiqləri üçün əlavə problem yaratdığını demək mümkündür. Hətta Ağ ev və ABŞ-ın müttəfiqlərinin bir az tələsdiklərini də söyləmək olar. Çünki İsrail İranın atom-nüvə proqramı ilə bağlı 55 min səhifəlik “Amad” proqramının olduğunu iddia edir. ABŞ da bunu təsdiqləyir. Fikrimizcə, bu sənədlərlə Avropa İttifaqı və “altılıq” tanış olmalı idi. Bundan sonra həm Donald Tramp, həm də Almaniya, Britaniya və Fransa məsələyə münasibət bildirməliydi. Ancaq görünür, məsələnin beynəlxalq ictimaiyyət üçün qaranlıq məqamları da yox deyil. Elə Donald Trampın öz qərarını üç gün tez açıqlaması da buna əyani sübutdur. O da sirr deyil ki, Donald Tramp prezident seçiləndən sonra xarici siyasətdə yeni istiqamətə ehtiyac olduğunu vurğulamışdı: “Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik. Uzun zamandır əvəllər çoxlarınızın da adını belə eşitmədiyiniz bir ölkədən digər dövlətə zorla daxil olurduq. Bu ağılsızlıqdır və buna son qoyulacaq! Donald Tramp administrasiyası, ilk növbədə, ABŞ-ın milli maraqlarını qoruyacaq”.

Hə haldaAğ evin indiki yiyəsinin bu sayaq çıxışlarından Avropadakı müttəfiqləri narahatlıqlarını əvvəllər də gizlətməyiblər. 2018-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda Almaniya, Fransa və İtaliya liderləri Donald Trampı kəskin tənqid etmişdilər. Onlar bildirmişdilər ki, ABŞ prezidenti iqtisadi və humanitar baxımdan təcrid yoluna doğru addımlayır. Ümumiyyətlə, ABŞ-la Avropa İttifaqı ölkələri arasında ziddiyyətlər ilk dəfədir ki,yaranmır. Ötən il dekabrın 6-da Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdıqlarını elan etdi. Onda Federika Mogerini ABŞ-ın bu addımını dəstəkləmədiklərini və Avropa İttifaqı ölkələri də öz səfirliklərini paytaxt Təl-Əvivdən Qüdsə köçürməyəcəklərini bəyan etmişdilər. Ancaq müttəfiqlərinin etiraz və narazılıqlarına baxmayaraq, mayın 14-də ABŞ-ınQüdsdəsəfirliyi açılacaq. Ağ evlə İttifaq arasında başqa bir qalmaqal isə polad və alüminium məmulatlarına tətbiq edilən rüsumlarla bağlı olub. Donald Tramp 1,4 ilə yaxındır ABŞ prezidentidir. Bu müddət ərzində İttifaqla Ştatlar arasında Qüds, polad və alüminium məmulatları, İranın nüvə məsələsi ilə bağlı fikir ayrılığı və mövqe haçalanması baş verib. Bunu Avropa İttifaqının ABŞ-dan ayrılması kimi də yozmaq olar. Ancaq onları daha böyük maraqlar birləşdirdiyindən bu mövqe fərqliliyinin müvəqqəti olduğu ehtimalı az deyil.Perspektivdə İttifaq Yaxın və Orta Şərqə dair məsələlərdə, münaqişələrdə vasitəçilik etmək niyyətindədir.

Beləliklə, ABŞ-ın nüvə sazişindən çıxması məsələsində 5 tərəf oldu: ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və İran. Son üç dövlətin mövqeyi oxşar olduğundan bunu üç tərəf də saymaq mümkündür. Əslində, belə hesab etmək olar ki, Donald Tramp nə Qüds, nə də İranla bağlı məsələlərdə yeni addım atmayıb. Çünki ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanısa da, ancaq indiyədək heç bir prezident bu qərarı təsdiqləməmişdi. Bu baxımdan, Donald Tramp 23 il əvvəl Konqresin qəbul etdiyi qanunu qüvvəyə mindirib.

Məlum olduğu kimi, terrorçu İŞİD qruplaşması 2014-ci il iyunun 29-da Suriya ərazisində öz “dövləti"ni elan etdi. Bundan sonra bölgədəki və ondan xaricdəki dövlətlər bu qruplaşmaya qarşı fəal mübarizəyə qoşuldular. İŞİD-in “xilafət” elanından, təxminən, bir il sonra İranla saziş imzalanıb. ABŞ, Rusiya, İran bu terrorçu qruplaşmanın məhv edildiyini bildirirlər. Deməli, İraq və Suriya məsələsində müəyyən arxayınlıq yaranıb. Odur ki, ABŞ İrana qarşı qaldığı yerdən mübarizəyə başlayıb. Başqa sözlə, Ağ evin Tehranla imzalanan nüvə sazişindən çıxmasını da adi qəbul etmək mümkündür. İsrailin nəzarəti altında olan Suriyanın Colan təpələrinə İranın raket atmasını isə DonaldTrampın sazişlə bağlı qərarına cavabı kimi də dəyərləndirmək olar. Sanki Tehran ABŞ-a “mənə toxunsan, İsraili vuracağam” mesajını verib. Ancaq İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadakı bütün infrastrukturunu cavab zərbələri ilə məhv etdiklərini açıqlayıb.

Beləliklə, Donald TrampİranıAvropadakı müttəfiqlərinin, beynəlxalq ictimaiyyətin yadına yenidən saldı. Fikrimizcə, buna səbəb heç də yalnız nüvə məsələsi deyil. Təbii ki,İranın başqa dövlətlərin, o cümlədən Yəmən, Suriya, Livan və Fələstin ərazisində fəaliyyətidir. Çünki bu ölkələrlə İslam Respublikasının ortaq dövlət sərhədi yoxdur. Çünki İraqla olduğu kimi, belə bir şərait olsaydı, bunu təhlükəsizliklə əlaqələndirmək mümkün idi. Deməli, İran həmin ölkələrdə fərqli maraqlar güdür. Tehran başqa dövlətlərin hesabına ABŞ-la alver etməyi planlaşdırır. Bu isə Ağ evin istəklərinə və iddialarına uyğun gəlmir. Ehtimal etmək olar ki, baş verənlər həm də İrandakı hakimiyyətin gələcəyinin yenidən gündəliyə gəlməsinə səbəb olub. Bu baxımdan, ABŞ-ın müttəfiqlərinin yenidən bir yerdə olacağı da istisna edilmir. Çünki ABŞ-ın “altılıq”dakı müttəfiqləri və Avropa İttifaqı arasında İran məsələsi ətrafında əvvəllər də oşxar şərait yaranmışdı. Müttəfiqlərin yenidən ortaq siyasi mənafe güdəcəklərinin istiqamətləri ABŞ-ın İrana qarşı yeni sanksiyasından sonra müəyyən oluna bilər.