Namiq Əliyev köhnə vəzifəsinə qaytarıldı


Digərləri 10 May 2018 15:14:00 260 0

Namiq Əliyev köhnə vəzifəsinə qaytarıldı

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, nazir Azad Rəhimov son dönəmlərdə güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medal ilə Vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Azad Rəhimov deyib: "Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik."

Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən Güləş Federasiyasına dəvət olunduğunu və 1-ci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti postunda çalışacağını əlavə edib: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhvələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse-prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək".

Çıxışının sonunda nazir federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən OİK-dən istifadə edilməsini, bununla yanaşı idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə sıx çalışmalarını məsləhət görüb. .