Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur


Digərləri 10 May 2018 15:14:00 157 0

Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur

Azərbaycanla Rusiya arasında indiki mərhələdə strateji kimi xarakterizə olunan münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur.

Bakı. Fikrət Doluxanov, Vüqar İmanov - Azərbaycanla Rusiya arasında indiki mərhələdə strateji kimi xarakterizə olunan münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Heydər Əliyev Mərkəzində açılmış “Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov oxuyub. Məktubda deyilir: “Heydər Əliyev təkcə postsovet məkanında deyil, həm də bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Şurası sədrinin birinci müavini qismində əldə olunmuş dövlət idarəçiliyi üzrə zəngin təcrübə və yüksək təşkilatçılıq bacarıqları ona müstəqil Azərbaycana rəhbərlik etməyə və ən çətin dövrdə ölkəni dərin böhran vəziyyətindən dayanıqlı inkişaf yoluna çıxarmağa imkan verdi. Azərbaycanla Rusiya arasında indiki mərhələdə strateji kimi xarakterizə olunan münasibətlərin möhkəmlənməsində xüsusi xidmət məhz Heydər Əliyevə məxsusdur. Müstəqillik illəri ərzində dövlətlərimiz mehriban qonşuluq və səmərəli əməkdaşlıq ənənələrini nəinki qoruya, hətta artıra bildi. Sevindiricidir ki, Bakıda keçirilən sərgidə təkcə Heydər Əliyev şəxsiyyətinin hərtərəfliliyi deyil, həm də onun irsi ilə tanış olmağa imkan verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim olunub. Çox şadam ki, bu mühüm hadisə üçün Ümummilli Lider tərəfindən əsası qoyulan siyasi kursun varisliyinin aydın əks olunduğu rəngarəng kataloq hazırlanıb. Ümid edirəm ki, bu nəşr bir çox kitabxanaların fondlarında öz layiqli yerini tutacaq. Mən bu layihənin təşəbbüskarı olan Rusiya tərəfinə dərin minnətdarlığımı, eləcə də hər iki ölkənin tarixçilərinə və arxiv işçilərinə təşəkkürümü bildirmək istərdim”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin