Mətbuatın dostu ulu öndər Heydər Əliyev VİDEO FOTO


Digərləri 10 May 2018 14:31:00 256 0

Mətbuatın dostu ulu öndər Heydər Əliyev  VİDEO  FOTO

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Son.az ARB 24-ə istinadən xəbər verir ki, həm sovet dönəmində, həm də müstəqillik dövründə ulu öndər milli mətbuatın inkişafına xüsusi diqqət yetirib. Onun Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə mətbuat sahəsində nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişlənib, ana dilində işıq üzü görən qəzetlərin sayı artıb. Müstəqilliyimizin əldə olunmasından sonra təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi bir çox sahələrdə olduğu kimi, mətbuatda da xaos yaratdı. Nəşrlərə qarşı bürokratik əngəllərin yaradılması ölkədəki gərgin vəziyyətin xalqa çatdırılmasına mane oldu.  Azad sözü boğmaq üçün yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. 1993-cü ildə Heydər Əliyev prezident seçildikdən sonra mətbuatın inkişafında yeni dövr başlayıb. Qanunvericilik bazası təkmilləşib, yeni fərman və sərəncamlar imzalanıb. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmlənib, ölkənin ictimai-siyası mənzərəsini əks etdirən yeni mətbu orqanlar işıq üzü görməyə başlayıb. Ən əsası isə senzura ləğv edilib. Bu idi ulu öndərin azad sözə, azad fikrə verdiyi qiymət. O, mətbuatı müstəqil, şəffaf, tərəfsiz görmək istəyirdi. Mətbuatı mütəmadi izləməsi onun jurnalistlərlə sıx əlaqələr qurmasına, onları yaxından tanımasına şərait yaratdı. Həm ölkə daxilində, həm də xarici səfərlər zamanı onu müşayiət edən mətbuat nümayəndələrinə tez-tez müsahibələr verir, fikirlərini bölüşür, onların fəaliyyəti ilə maraqlanırdı. Məhz bu xüsusiyyətlər əvəzolunmaz şəxsiyyəti ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirdi. Heydər Əliyevin "Mətbuatın dostu" mükafatına layiq görülməsi də bu baxımdan təsadüfi deyildi. Milli lider rəsmi görüşlərdən sonra jurnalistlərlə zarafatlar edir, səmimi ünsiyyət qururdu. Bu da mətbuat işçilərini daha da cəsarətli olmağa sövq edirdi. Bu gün 95 illik yubileyi qeyd olunan milli lider Heydər Əliyevi bütün media mənsubları ehtiramla yad edirlər. Onunla bağlı xatirələri xoş təəssüratlarla xatırlayırlar. 


Xəbərə aid fotolar