Azərbaycan Türkiyə ilə miqrasiya sahəsində əməkdaşlığı genişləndirəcək


Digərləri 10 May 2018 13:40:00 207 0

Azərbaycan Türkiyə ilə miqrasiya sahəsində əməkdaşlığı genişləndirəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

DMX-dən Son.az-a verilən məlumata görə, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə Xidmət rəisi tarixən qədim köklərə malik Azərbaycan-Türkiyə dostluğundan və qardaşlıq əlaqələridən danışıb. İki ölkə arasında münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğunu söyləyib.

V.Hüseynov ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində bundan sonra da uğurla inkişafına və genişlənəcəyinə əminliyini ifadə edib.

Xidmət rəisi Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi zəruriliyindən bəhs edib. Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı "Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" sazişin əhəmiyyətini vurğulayıb.