Bakıda "qanuni oğru"nun qardaşının məhkəməsi baxışa verilib


Sosial 10 May 2018 12:17:18 294 0

Bakıda "qanuni oğru"nun qardaşının məhkəməsi baxışa verilib

Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramlinski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birlikdə mühakiməolunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan olunub.

Məhkəmənin baxış iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışda olub.

Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik maddəsi), 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, Rüfət Əmirov “Rafet Əlibayramlinski” kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov hazırda həbsdə olan “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.