Əli Həsənov: "Xaricdə Azərbaycana qarşı təbliğat aparmaqdansa, Dağlıq Qarabağla bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın"


Digərləri 10 May 2018 12:26:00 251 0

Əli Həsənov: "Xaricdə Azərbaycana qarşı təbliğat aparmaqdansa, Dağlıq Qarabağla bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın"

Xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, dünən Azərbaycana qarşı "xüsusi marağı" ilə fərqlənən ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələr keçirilib: "Xatırladıram ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürmüşdü. Həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlmişdi. Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan Komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib".

Prezidentin köməkçisi bildirib ki, budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu Komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz: "Tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan "ekspertlər" də iştirak edib. Dinləmələrdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi. Xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir "soydaşımız" yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı".