İran İsraili, İsrail də Suriyada İranı vurdu VİDEO FOTO


Siyasət 10 May 2018 09:56:28 210 0

İran İsraili, İsrail də Suriyada İranı vurdu  VİDEO  FOTO

İranın Suriyadakı hərbi birləşmələri bu gecə Holan yüksəkliklərində İsrail ordusunun mövqelərinə 20 raket atıb.

Son.az İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi saytına istinadən bildirir ki, bir neçə raketi İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin "Dəmir qübbə" ("İron Dome") sistemi səmada vurub.

Raket zərbələri nəticəsində İsraildə tələfat yoxdur.

Buna cavab olaraq SAXAL-ın təyyarələri Suriyanın İsraillə sərhədinin yaxınlığındakı əl Kuneytra şəhərində bir neçə obyekti bombalayıb. Daha sonra isə İsrail İranın "əl Qüds" korpusunun Suriyadakı onlarla obyektinə raket-bomba zərbələri endirib.

İsrail ordusu Holan yüksəkliklərində yaşayan israillilərə ehtiyatlı davranmağı və bomba sığınacaqlarının yaxınlığında olmağı tapşırıb.

Suriyanın SANA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin HHM qüvvələri İsrailin onlarla raketini vurublar. Yerdə qalan raketlər HHM mövqelərini, radarı və hərbi sursat anbarını sıradan çıxarıb.

İsrail ordusunun "Qaley SAXAL" ümummilli radiostansiyasının reportyoru Zahi Dabuşun verdiyi məlumata görə, İranın raket zərbələri nəticəsində tələfat və ya dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.

Rəsmi Təl-Əviv baş verənləri İranın İsrailə hücumu sayır.

ABŞ Dövlət Departamentinin sözçüsü bəyan edib ki, İranın İsrailə 20 raket buraxmasından xəbərdarlırlar.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo isə Qüdsdə səfərdədir. O bəyan edib: "İranın düşmən fəaliyyətinə qarşı İsraili dəstkləyirik. İsrailin özünü müdafiə etmək təki suveren hüququ var".

İsrail srağagün Suriyanın paytaxtı Dəməşqdən cənub-qərbdəki Əl Kisua yaşayış məntəqəsindəki hərbi bazaları bombalayıb.

Həmin bazaların İrana məxsus olduğu deyilir.

Suriyalı jurnalist Bəsam Cəhra isə bildirib ki, "əl Qüds"ün komandanı, general Süleymaninin müavini bombardmanda həlak olub.

ABŞ-ın İranla imzaladığı və Tehranın həyata keçirdiyi nüvə proqramını dayandırmasının müqabilində sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan anlaşmanı birtərəfli qaydada pozandan sonra Yaxın Şərqdə əsəblər tarıma çəkilib.

Xatırladaq ki, Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib. 

"Əslində, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb", - deyə D.Tramp Ağ Evdə çıxışı zamanı demişdi.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

... İllər əvvəl ABŞ-ın sabiq müdafiə naziri Kaspar Ueynberger İranın bölgədəki planlarını "bütün regionu örtməyə hesablanmış yorğan" adlandırmışdı.

İndi də dava elə yorğan davasıdır.

Belə ki, ABŞ-ın İranla əldə etdiyi nüvə sazişini tərk edəcəyi gözləniləndi və bunun səbəbi heç də Donald Trampın çılğın davranışı, absurd qərarları deyil.

İsrail illərdən bəri İrana qarşı böyük və güclü cəbhə formalaşdırmağa çalışır. İranın bölgədə "böyük şiə qurşağı" yaratmaq planlarından təlaşa düşən İsrailin narahatlığını ABŞ da bölüşür.

ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının Suriyaya soxulmasının, "inqilab" adı ilə ölkəni viran qoymasının əsas səbəbi də İranın artan nüfuzunun və regional gücə çevrilməsinə aparan planlarının qarşısını almaq idi.

Alınmadı. Suriyaya müdaxilə mövqeləri, onsuz da, çox ciddi olan İranın regional proseslərə təsir imkanlarını daha da artırdı.

10 il əvvəl öz sərhədləri içində "qaynayan" İran məhz ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasət - əvvəlcə İraqı işğal etməsi, sonra da Suriyada qanlı savaşa səbəb olması nəticəsində daha da gücləndi.

İran indi İraqda həddən ziyadə ciddi geosiyasi və geostrateji oyunçudur, ölkədəki situasiyaya faktiki nəzarət edir. İraq Kürdüstanında da "müstəqillik referendumu"nun nəticələrinin puç olmasında, İraqın şimalındakı kürdlərin separtizminə son qoyulmasında İranın rolu və iştirakı müstəsna oldu.

Suriyada isə prezident Bəşər Əsəd Rusiya ilə yanaşı, məhz İrana arxalanır.

Bundan başqa, Livanda və Yəməndə də İran söz sahibidir.

Beləcə, Qərbin, daha doğrusu, ABŞ və İsrailin "qorxulu röya"sı gerçəkləşdi, İran çox sürətlə İraq-Suriya-Livan-Yəmən qurşağı yaratdı, Aralıq dənizinə çıxış əldə etdi.

Hazırda yaşananlar, İranın Suriyadakı mövqelərinin bombardman edilməsi də ABŞ-ın İrana qarşı başladığı "hibrid savaş"ın ilk mərhələsidir.

Proseslər, təbii ki, dünya bazarlarında xam neftin qiymətlərini qaldırıb və bu, ilk əvvəl İrana xeyirdir.

Çünki neftin 1 barrelinin qiymətinin 1 dollar artması İrana hər gün 2 milyon dollar əlavə gəlir verir. Daha dəqiq olsaq, İran indi ötən illə müqayisədə neft satışlarından hər gün 62 milyon dollar əlavə qazanc əldə edir.

Fəqət, neft artımı İrana pul qazandırırsa, ABŞ-ın Qərbi vadar etdiyi sanksiyalar Tehrana çox ağır zərbə olacaq.

İsrail yaranmış situasiyadan maksimum dərəcədə bəhrələnməyə çalışdığından vəziyyətin daha da gərginləşməsi qaçılmazdır.

Elçin Alıoğlu Son.az

Videonu izləmək üçün şəklə klikləyin: