Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb (FOTO)


Digərləri 09 May 2018 17:53:00 254 0

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb (FOTO)

AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib.

Bakı. AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Agentliyin İdarə Heyətinin təşəbbüsü, fotoinformasiya baş redaksiyasının və Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə hazırlanmış sərgidə AZƏRTAC-ın arxivində qorunub saxlanılan nadir fotoşəkillər nümayiş olunur. Bu fotolarda Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrləri əksini tapıb. Ümummilli Liderin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə gül dəstələri düzülməsi ilə başlanıb. Açıq səma altında qurulmuş stendlərin qarşısında davam edən mərasimdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sərginin açılışında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, dünya miqyaslı siyasətçi və dövlət xadimidir. Bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Onun xatirəsi daim ürəklərdə yaşayır, onu hər gün dərin minnətdarlıq hissi ilə yad edirik”. Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hələ respublikaya rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə gördüyü nəhəng işlərlə, çox böyük uzaqgörənliklə bugünkü müstəqil Azərbaycan üçün iqtisadi və intellektual zəmin hazırlayıb, milli dirçəlişin, azərbaycançılıq ideologiyasının təməlini qoyub. “1993-cü ilin böhranlı günlərində, Azərbaycanın “olum ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı müasir tariximizdə yeni səhifə açdı. Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ölkə həyatının bütün sahələrində - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu”, - deyə İdarə Heyətinin sədri diqqəti Ulu Öndərin xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə yönəldib. Qeyd olunub ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edirdi. Ulu Öndərin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından müstəsna rol oynayırdı. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana və respublikamızın Ermənistan tərəfindən zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.