Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi DTXdə təntənəli qeyd edilib


Digərləri 09 May 2018 17:18:00 295 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi DTXdə təntənəli qeyd edilib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə DTX-nin rəhbərliyi, əməkdaşları və Heydər Əliyev adına Akademiyasının kursantları Fəxri xiyabana gələrək, müstəqil Azərbaycanın qurucusu, təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.

Dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş təntənəli mərasim DTX-nin akt zalında davam etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək şəxsi heyəti və veteranları Ümummilli Liderin 95 illik yubileyi münasibətilə təbrik etmiş, dahi rəhbərin şanlı peşəkarlıq məktəbinin davamçılarına respublikamızın müstəqilliyi, tərəqqisi və təhlükəsizliyi naminə şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

General-leytenant Mədət Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, azərbaycançılıq məfkurəsinin və mədəniyyətin yüksəlişi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olmuşdur. 1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ümumxalq dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi diqqətə çatdırmışdır ki, bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır.