Bali - “qəzəbli tanrılar” adası - REPORTAJ


Digərləri 09 May 2018 16:05:00 217 0

Bali - “qəzəbli tanrılar” adası - REPORTAJ

Hər tərəfdə insanı kiçik və böyük tanrı abidələri əhatə edir

İndoneziya ən böyük ada dövlətlərindən biri olmaqla yanaşı, dünyada ən böyük arxipelaqdır. Rəsmi statistikaya görə, arxipelaq 17 min 804 adadan ibarətdir. "Report" məhz həmin adalardan biri olan Balidən reportaj hazırlayıb.

Balidə ictimai nəqliyyat yoxdur

İndoneziya əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir. Lakin bu ölkədə bir neçə dinin nümayəndəsi də dinc şəkildə yaşayır. İndoneziyanın yerli mətbəxini, əsasən, dəniz məhsulları təşkil edir. Xörəklər çox ədviyyatlı, acı və şirin olur. Ona görə də turistlər daha çox məşhur "Fast Food" brendlərinin yeməkləri ilə qidalanır.

Baliyə gəldikdə isə bu adada, ümumiyyətlə, ictimai nəqliyyat yoxdur. Turistlər motosiklet icarəyə götürürlər, yaxud taksi xidmətlərindən istifadə edirlər. Ancaq taksi seçiminizdə çox diqqətli olun, çünki adada taksi xidməti ilə məşğul olan fırıldaqçıların sayı az deyil.

Məbədlər adası

Bali yaşıl təbiəti və özünəməxsus memarlıq üslubu iləhər kəsiözünə cəlb edir. Ada əhalisi, əsasən, hinduizm və buddizm dinlərinə tapınır. Bu səbəbdən addımbaşı müxtəlif tanrı heykəllərinə rast gəlmək olar. Onlar çox qeyri-adi, bəzən dəhşətli ola bilər, lakin bu cür memarlığı dünyanın heç bir yerində görmək mümkün deyil. Bu baxımdan, Bali həm də məbədlər adası hesab olunur. Çünki burada 20 mindən artıq məbəd mövcuddur. Ən məşhur məbəd isə Pura Tanah Lot məbədidir. Bu məbəd okeanın içərisində yerləşir, oranı yalnız sular çəkiləndə ziyarət etmək mümkündür. Məbədlərin daxili xüsusi memarlığı ilə cəzb edir, buralar nə məscid, nə də kilsəyə bənzəyir. Hər tərəfdə insanı kiçik və böyük tanrı abidələri əhatə edir, onlar çox vaxt qorxunc və qəzəbli, sanki sözündən çıxsan, səni yerində məhv edər baxışları ilə izləyir. Məbəddə yerli əhalinin hər hansısa tanrıya dua etməsini müşahidə etmək olur.

Keçak rəqsi

Əgər Baliyə yolunuz düşsə, mütləq Keçak rəqsini seyr edin. Keçak rəqsi Balinin məşhur musiqili dram rəqsidir. Adətən, rəqsi yüz nəfərdən ibarət rəqqas qrupu təqdim edir, səhnə isə insanı sanki ibtidai icma quruluşu dövrünə aparır. Qorxuya bürünərək bu dəstənin sizi supa qataraq öz şam yeməyinə çevirəcəyini düşünürsünüz. Səhnədə baş verən xeyir və şər qüvvələrin savaşı, artistlərin qeyri-adi geyimləri və qrim üslubu indiyədək gördüyünüz bütün performanslardan fərqlidir.

Oğru meymunlar

Hind və Sakit okeanları arasında yerləşən adanın möcüzələri saymaqla bitmir. Balinin digər görməli məkanlarından biri də yerli dildə Alas Kedaton adlandırılan “Meymunlar Meşəsi”dir. Meşədə yaşıllıq və məbədlərin içində, sözün əsl mənasında, müxtəlif növ meymunlar yaşayır. Meşəyə girməzdən əvvəl ciblərinizdən və üzərinizdən bütün qiymətli əşyalarınızı çıxarın, çünki burada müqəddəs sayılan balacalar, həm də "peşəkar oğru"durlar!

Ağ qumlu çimərliklər

Təbii ki, adaya gəlib çimərliyə getməmək günah olar. Təlatümlu Hind okeanı surfing sevənlər üçün ideal seçimdir. Təbii ki, ağ qumlu çimərliklər turistlər arasında çox məşhurdur. Lakin günəş burada inanılmaz dərəcədə yandırıcı olduğundan bütün təhlükəsizlik tədbirlərini nəzərə alın, günəş kreminiz bol olsun.

Yeri gəlmişkən, Bakıdan Baliyə Bakı-Doha-Bali aviareysi ilə getmək olar.

Anaxanım Məhərrəmqızı