102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub


Digərləri 09 May 2018 16:05:00 294 0

102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin olunub.

ƏƏSMN-dən Son.az-a verilən məlumat görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək, onları "xalqımızın qızıl fondu" adlandıran ümummilli lider Heydər Əliyev həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin edib.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ilk illərdə İkinci Dünya müharibəsi iştirakçılarına laqeyd münasibət hökm sürürdü. Lakin ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyinə qayıdışından sonra 9 May - Qələbə gününün yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanıldı və İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün hüquqi əsaslar yaradıldı. 1994-cü ilin iyununda "Veteranlar haqqında" Qanun qəbul olundu, sonrakı illərdə həmin insanlara qayğı ildən-ilə artaraq, eyni zamanda onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işləri də aparıldı.

Ulu öndər Heydər Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsi şəraitində bu təbəqədən olan vətəndaşların sosial təminatı da getdikcə gücləndirilir. Dövlət başçısının müvafiq Fərmanı ilə 2008-ci ilin 01 sentyabrından Böyük Vətən müharibəsi əlillərinə Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği I qrup əlillər üçün 2 dəfədən çox artırılaraq 90 manatdan 182 manata, II qrup əlillər üçün 2,2 dəfə artırılaraq 70 manatdan 158 manata, III qrup əlillər üçün isə 2,4 dəfə artırılaraq 50 manatdan 121 manata çatdırılıb. Eyni zamanda, Böyük Vətən müharibəsi iştirakçılarına da 2012-ci ilin iyulun 1-dən Prezident təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüdün də məbləğinin 2,2 dəfə artırılaraq 55 manatdan 121 manata çatdırılması təmin edilib. Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi iştirakçılarının pensiya təminatı da həyata keçirilir. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 01 aprel tarixinə olan məlumata əsasən, ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 388,05 manatdır.