Mətbuat nümayəndələri mərhum jurnalist Rauf Talışinski haqqında


Digərləri 09 May 2018 14:45:00 325 0

Mətbuat nümayəndələri mərhum jurnalist Rauf Talışinski haqqında

Bu gün Bakıda mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.

Son.az xəbər verir ki, mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Trend-ə bildirib ki, R.Talışinskinin həyatdan köçməsi Azərbaycan jurnalistikası üçün çox ağırdır:

"Çünki Rauf Talışinski müasir Azərbaycan jurnalistikasının formalaşmasında rolu olan önəmli şəxslərdən biri idi. Rauf sözün əsl mənasında peşəkar jurnalist idi. Həm "Zerkalo", həm də "Exo" qəzetində çalışarkən o, Azərbaycanda rusdilli jurnalistikanın daha da möhkəmlənməsində önəmli rol oynayıb, rusdilli mətbuatın inkişafında böyük xidmətlər göstərib. Hazırda istər "Zerkalo", istərsə də "Exo" qəzetində çalışan hər bir jurnalist istənilən KİV-ə rəhbərlik edə bilər və istənilən məsələ ilə bağlı beynəlxalq səviyyəli material hazırlaya bilər. Rauf Talışinskinin Azərbaycan jurnalistikasına ən böyük xidmətlərindən biri də bunlardan ibarətdir".

Ə.Amaşov əlavə edib ki, R.Talışinski prinsipial idi, hadisələrə yalnız peşəkarlıq prizmasından yanaşırdı: "O, eyni zamanda, böyük ziyalı idi. Rauf Talışinskinin adı Azərbaycan jurnalistikasına elə həkk olunub ki, heç zaman unudulmayacaq və həmişə xatirəsi anılacaq".

Millət vəkili Elmira Axundova da R.Talışinski ilə bağlı xatirələrini bölüşüb:

"Biz Raufla 1980-ci illərdə müxbir kimi fəaliyyət göstərmişik. O, "İzvestisiya", mən isə "Literaturnaya qazeta"nın müxbiri idim. İkimiz də Moskva mətbuatında müxbir işləmişik. Çox çətin dövr idi. Sonra mən rus jurnalistikasında qaldım, o isə Azərbaycanın müstəqil jurnalistikasının banilərindən biri oldu, ilk qəzetləri yaratdı. Əvvəl "Zerkalo" qəzeti, sonra isə 2001-ci ildə "Exo" qəzetinin baş redaktoru oldu. Demək olar ki, rus dilində ən gözəl, ən oxunaqlı qəzet yaratdı və bu qəzetlə də məşhurlaşdı. O, çox istedadlı jurnalist idi. Hərdən ona zəng edib bildirirdim ki, Rauf, tez-tez yaz, sənin yazılarına ehtiyac var. Amma o təvazökar idi, deyirdi ki, qoy başqaları da yazsın. Onun yetişdirdiyi jurnalistlər indi bir çox sahələrdə çalışırlar. Mən fəxr edirəm ki, həm "Zerkalo", həm də "Exo" qəzetlərində silsilə yazılarım çıxıb. Demək olar ki, "Zerkalo" və "Exo" qəzetləri də məni bir jurnalist kimi yetişdirib.

Biz tez-tez zəngləşib danışırdıq. İndi az adam tapılar ki, onunla hər şey haqqında danışmaq olsun. Mən bilirdim ki, onunla danışdıqlarımız öz aramızda qalacaq. O mənim üçün həmişə yaşayacaq".

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bildirib ki, R.Talışinski Azərbaycan jurnalistikasının sütünlarından biri idi:

"Rauf müəllim həm yeniliyi gözəl dərk edən, həm də Azərbaycanın tarixini gözəl bilən araşdırmaçı jurnalist idi. O, həm Azərbaycanda, həm də MDB məkanında çox mühüm jurnalist araşdırmaları ilə yadda qalan mütəxəssis oub. Düşünürəm ki, bu, Azərbaycan üçün böyük itkidir. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri Rauf Talışinski daim çalışmış, jurnalistikada yeni kadrların yetişdirilməsi ilə məşğul olmuşdu. O, həm jurnalistlərin, həm də onu tanıyanların yaddaşında xoş xatirələrlə yadda qalacaq. Allah rəhmət eləsin".