""Cənub Qaz Dəhlizi"nin ötürücülük qabiliyyəti ikiqat artırıla bilər"


Digərləri 09 May 2018 13:58:00 306 0

""Cənub Qaz Dəhlizi"nin ötürücülük qabiliyyəti ikiqat artırıla bilər"

Gələcəkdə "Cənub Qaz Dəhlizi"nin boru kəməri sistemi ilə əlavə qaz həcmlərinin nəqli üçün ötürücülük qabiliyyəti ikiqat artırıla bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

R.Abdullayev xatırladıb ki, ötən ilin noyabrında Azərbaycanda 2 milyardıncı ton neft hasil olundu. Hazırda neft hasilatının əsas hissəsi "Əsrin müqaviləsi" çərçivəsində işlənən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun payına düşür: "İşlənmənin əvvəlindən, yəni 1997-ci ildən 2018-cı ilin aprelin 1-nə kimi AÇG-dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr səmt qazı hasil olunub. AÇG layihəsindən Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunub. "Əsrin müqaviləsi" eyni zamanda, son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açıb. Axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb".

O vurğulayıb ki, AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir: "Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb. Bu ilin ilk üç ayı ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 5 hasilat quyusu qazılaraq təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır".