Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin


Digərləri 09 May 2018 12:46:00 226 0

Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin

Daha öncə də xəbər verdiyimiz kimi mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində traktorun qoşqusu ayrılaraq, yaxınlıqdakı su kanalına aşıb. Hadisə nəticəsində bir ailənin 6 qadın üzvü ölüb, iki nəfər yaralanıb.

Son.az xəbər verir ki, musavat.com-un əməkdaşı baş vermiş hadisə ilə bağlı daha detallı məlumat almaq üçün Sabirabad rayonunun Şəhriyar kəndinə yollanıb.

Kənd sakinləri hələ də hadisənin şokundan ayılmayıb...

Şəhriyar kəndi Sabirabada əsas girişdən daxil olduqda ardıcıl sıra ilə gələn üçüncü kənddir. Bu kəndin camaatı rayonun digər kəndlərinin sakinləri kimi Rusiyaya getməyib, əsasən əkin-biçin işləri ilə məşğul olurlar. Sabirabadın girişindən etibarən əkin sahələri başlayır ki, bu sahələrdə hazırda əsasən pambıq əkilir. Elə hadisənin qurbanlarının da yolu pambıq tarlasına olub. Əslində, tarlaya aparan kələ-kötür yerləri yol adlandırmaq da çətindir. Sakinlərin sözlərinə görə, illərdir ki, əkin sahələrinə gedən yola bir dəfə də olsun "əl gəzdirən" olmayıb. Bəlkə də elə buna görə, bu yoldan keçən köhnə traktorun qoşqusu dözməyib, qırılaraq kanala aşıb.

Kəndə daxil olduqdan sonra yas yerinə gedənə qədər yol boyu sakinlərlə söhbət edib, hadisə ilə bağlı maraqlandıq. Bildirdilər ki, faciə baş verən gündən etibarən kənd camaatı şokdan ayılmayıb: "Hadisə nəticəsində dünyasını dəyişənlərin hamısı qohumdular. Onların cəsədləri də bir həyətdən götürülüb, kəndin qəbiristanlığında yanaşı basdırılıb. Kənddə hər kəs bu hadisədən danışır. Heç bilmirik ki, günahı kimdə axtaraq. Siz meyitlər qapıdan götürülən zaman yaxınlarının, camaatın vəziyyətini görərdiniz. Hələ indiyə qədər belə ağır faciəyə şahid olmamışıq." - deyə söhbət etdiyimiz kənd sakinləri bildirdilər. "Camaat kartof deyil, bizi əkin sahələrinə aparmaq üçün normal maşın təşkil etsinlər"

Sakinlərlə söhbət edə-edə kəndin girişindən çox da uzaq olmayan yas yerinə çatdıq. Kənardan müşahidə etdik ki, mağar qurulan həyətin qapısı qarşısında xeyli sayda avtomobil var. Bütün kənd camaatı yas yerinə gəlib, baş sağlığı verirdilər. Biz də eyni qayda üzrə mağara daxil olub, hadisədə dünyasını dəyişənlərin qohumları ilə görüşmək istədik. Məhrumların yaxınları öncədən xahiş etdilər ki, içəridən çox foto çəkməyək. Bildirdilər ki, bir gündə ailələrindən 6 nəfəri itiriblər, danışmaq, görüntülənmək istəmirlər. Dediklərinə sayğı ilə yanaşdıq.

Dünyasını dəyişənlər bir ailənin üzvləri olduğu üçün həyətdə böyük yas çadırı qurulub, rəhmətə gedənlərin adına ehsan verilirdi. Qohumları danışmaq istəməsə də, onlardan bir neçəsi ilə az da olsa söhbət edib, hadisə ilə bağlı bəzi detalları öyrəndik. Özünü dünyasını dəyişən Xəyalə Qasımovanın qardaşı kimi təqdim edən şəxslə söhbət edib, öyrəndik ki, traktorun sürücüsü də ailənin üzvüdür və dəfn mərasimindən sonra onu hüquq-mühafizə orqanları aidiyyəti üzrə aparıblar. Qohumları bildirdilər ki, hadisədə traktorun sürücüsü olan Əjdər İmanovun heç bir günahı yoxdur: "Kimsə istəməz ki, öz anasının, bacısının, yaxınlarının ölümünə səbəb olsun. Əjdər anasını dəfn etdikdən sonra onu polis idarəsinə apardılar. Əjdəri görsəydiniz başa düşərdiniz ki, əslində o da canlı ölü kimi bir şey idi. Bu hadisənin yükünü o necə qaldıracaq? Ancaq hadisənin baş verməsinin başqa səbəbləri var. Əvvəla bu kəndin yolları çox yararsız vəziyyətdədir. O yollara heç bir texnika dözməz... Heç dözmür də. Dünyasını dəyişənlərdən Məlahət İmanova Əjdərin anasıdır, digər rəhmətə gedənlər isə onun yaxın qohumu Teymurun ailəsinin üzvləridir. İkisi onun öz qızı, biri yoldaşı, digər iki nəfər isə bacısı və bacısının qızıdır. Yəni, hamısı bir ailənin üzvləridir.

Deyim ki, heç pambıqdan xeyir götürmürük. Kasıb ailədir, dolanmaq üçün az qazanc da olsa köməkləşib pambıq əkmişdilər. Hər gün olduğu kimi hadisə baş verən günü də traktorun arxasındakı qoşquya minib gedirdilər əraziyə. Elə pambıq sahəsinə az qalmış kələ-kötür, gedilməsi mümkün olmayan yolda traktorun qoşqusu çıxıb, aşıb yaxınlıqdakı su kanalına. Su kanalının da dərinliyi 6 metrdən çoxdur. Dünyasını dəyişən 6 qadın qoşqunun altında qalıb, sudan çıxa bilməyərək, boğulublar. Onlar qoşqunun üzərindən atlana bilməyiblər. Biz eşitmişik ki, internetdə kimlərsə yazıblar ki, guya sürücü traktoru bərk sürüb və ya traktor istismara yararsız olub və sairə. Birincisi heç kim istəməz ki, öz ailəsinin faciəsinə səbəb olsun. Traktorun köhnə olmasına gəlincə isə, əgər kəndçiyə pambıq əkməyi tapşırıblarsa, əkinçini sahəyə aparan maşını da təşkil etməlidirlər. Nə üçün sovet dövründə maşın verilirdi, indi verilmir? Əkin sahəsi kənddən 12-15 kilometr aralıdadır. Bu camaatın hamısı ora ya at arabası ilə gedirlər, ya da traktorun arxasındakı qoşqu ilə. Yol boyu da suvarma kanallarıdır". Yas mərasimində olan digər kənd camaatı da başımıza toplaşıb bildirdilər ki, doğrundan da yolsuzluq, nəqliyyatın olmaması sarıdan əziyyət çəkirlər. Bu ailənin faciəsinin səbəbi kimi də deyilən faktorları göstərdilər:

"Yaxşı, bəs camaat kartofdu ki, "lapet"də sahəyə getsin? Sovet döründə burada maşınların sayı-hesabı yox idi. Camaatı sahəyə aparıb, gətirirdilər. İndi bir ailənin 6 üzvü dünyasını dəyişdi. Daha neçə nəfər ölməlidir ki, bu məsələ həll olsun" - deyə sakinlər bildirdilər.

Sakinlər onu da qeyd etdilər ki, rayonun icra nümayəndələri televiziyalara yanlış açıqlamalar veriblər: "İcra başçısının birinci müavini televiziya kanallarına deyib ki, guya yaxınlarımız bostana gedirmişlər, başlarına bu cür iş gəlib. Rayonda bəyəm bostan var? Nə üçün açıq şəkildə demir ki, bu camaat pambıq tarlasına gedəndə başına bu cür iş gəlib? Nə üçün demirlər ki, kəndlərin heç birində camaatı tarlaya aparmaq üçün minik vasitəsi təşkil edilmir?"

Yas mərasimindən ayrılıb, məzarlığa gedənə qədər müşahidə etdik ki, gerçəkdən də kənddə sakinlər sahələrə insan üçün təhlükəli, yük qoşqularında gedirlər. Özləri dediyi kimi başqa çarələri də yoxdur. Çünki ərazidə pambıq zavodu tikilsə də, əhaliyə pambıq əkmək tapşırılsa da, rayon icra hakimiyyəti və ya digər müvafiq qurumlar tərəfindən əkinçinin sahəyə necə getməsi məsələsi düşünülməyib. Bəlkə də bunun üçün vəsait də ayrılıb, ancaq aidiyyəti üzrə çatmayıb. Hər halda görünən dağa bələdçi lazım deyil...

Yas çadırında öyrəndik ki, Sabirabad rayon icra başçısı Nazim İbrahimov yas yerinə gəlib, ölənlərin yaxınları ilə görüşüb. Başçı bildirib ki, ailəyə lazımı maddi köməklik ediləcək. Ailə isə bildirdi ki, hələ heç kimdən maddi yardım götürəcək, ümumiyyətlə, bu haqda düşünəcək halda deyillər. Sonda Şəhriyar kəndinin əkin sahəsinə də nəzər saldıq. Müşahidə etdik ki, ərazidə əksiyyəti qadın olmaqla xeyli sayda insan işləyir. Kənarda, ağacların kölgəsində isə onları evlərinə aparmaq üçün hazır olan qoşqulu traktor dayanmışdı.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslər aşağıdakılardır: 1978- ci il təvəllüdlü Bağırova Elnarə Əjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Qasımova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı. 


Xəbərə aid fotolar