Lökbatanda iki nəfərin ölümündə təqsirləndirilən sürücünün şikayəti əsasında məhkəmə başlayıb


Sosial 09 May 2018 11:07:00 304 0

Lökbatanda iki nəfərin ölümündə təqsirləndirilən sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası mayın 17-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elçin Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2017-ci il mayın 25-i saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Rüfət Paşayev də xəstəxanda ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qəzaya düşən avtomobillərdən biri Hərbi Dəniz Qüvvələrinə məxsus olub.