"Pirallahı Tikiş" ASC-nin əmlakının bölüşdürülməsinə başlanacaq


İqtisadiyyat 09 May 2018 08:04:54 298 0

"Pirallahı Tikiş" ASC-nin əmlakının bölüşdürülməsinə başlanacaq

İyunun 10-da ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

İyunun 10-da "Pirallahı Tikiş" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, iclasın gündəliyində bir neçə məsələ yer alıb.

Məsələlər sırasında qurumun ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı, həmçinin ləğvetmə balansının təsdiqi də var.

Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi də gündəlikdə duran məsələlərdəndir.

Digər məsələ isə qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura yaxud pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqidir.

Ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi və digər məsələlər də yığıncağın gündəliyinə daxil edilib.

Cəmiyyətin səhmdarları sonuncu dəfə 2017-ci il martın 4-də yığışıb.