Həqiqi hədəfi bilmək uğur yolunu labüd edir


Digərləri 08 May 2018 22:20:00 294 0

Həqiqi hədəfi bilmək uğur yolunu labüd edir

Bismilləhir-Rahmənir-Rahim!

Artıq bir neçə bəhsdir ki, mövzumuz İslamda müvəffəqiyyətə çatmağın açarları ilə bağlıdır. İndiyə qədər toxunduğumuz məsələlərdən biri - İlahi tofiqatın olması ilə bağlı idi. İlahi tofiqat olmasa, insan həqiqi müvəffəqiyyətə çata bilməz.

İlahi müvəffəqiyyətlə materialistik müvəffəqiyyəti bir-birindən ayıran mühüm nöqtələrdən biri məhz budur. İnsan zahirən ola bilər ki, müvəffəqiyyətə çatmış görsənsin, amma əslində bu, əsla heç müvəffəqiyyət deyil. Müvəffəqiyyət o zaman olur ki, həmin uğur İlahi tofiqatla yoğrulmuş olsun.

İlahi müvəffəqiyyəti ayırd etmənin yolu budur ki, insan öz bəndəlik durumuna nəzər salsın. Əgər zahiri uğurlara çatıb, amma ibadətlərinə, vacibatlarına, xeyir əməllərə tərəf hərəkət etməsi zəifləyibsə - həmin uğur materialistik uğur kriteriyalarını aşmayıb.

Həqiqi uğura çatmaq üçün gərəkən ikinci amil kimi təqvalılığı qeyd etdik. İslamın nəzərində müvəffəqiyyətin əsas açarlarından biri - təqvadır. Təqvasız nəticə, uğur - həqiqi uğur sayılmır. Bir kəs uğurlar əldə etdiyi zamanda sübh namazlarının qəzaya getdiyini müşahidə etsə, demək ki, o, Allah istəyən uğura çatmayıb. Uğur odur ki, insanın müvəffəqiyyətləri həm də təqvalı durumu ilə həmahəng olsun.

Uğura çatmaq üçün zəruri olan şərtlərdən üçüncüsü kimi fürsətləri qeyd etdik. İnsan gərək fürsətləri tanısın, onları qənimət bilsin və fürsətlərə nemət kimi baxsın.

Hədəfsiz bir durum - mükəlləfiyyətsiz bir durumdur

Uğura çatmağın ən önəmli açarlarından biri də doğru hədəfin müəyyən edilməsidir. Həqiqi uğura çatmaq üçün hədəfin müəyyən edilməsi mövzusunda danışanda görəcəyik ki, elə müasir dünyanın da uğur haqqında təqdimatlarında hədəfin müəyyən edilməsi əsas yerlərdən birini tutur. Amma, İslamın nəzərində hədəfin müəyyən bir nuraniyyəti var, materialistik anlamda isə hədəf çılpaq bir anlamdadır.

Uğura çatmaqda hədəfin önəmi niyə bu qədər yüksəkdir? İnsan iradəvi bir həyat yaşamaq istədikdə, əgər hədəfini müəyyən etməsə, mahiyyətcə iradəvi yaşaya bilməz. Seçimli yaşayışın, iradəvi yaşayışın ən başlıca amili - hədəfin olmasıdır.

İnsanın qəflət halı nəyə görə təhlükəlidir, nəyə görə bu qədər pisdir? Çünki, insan qəflətdə olanda hədəfsiz olur. Bütün faciələr məhz insan hədəfsiz yaşayan zaman baş verir. Hədəfsiz vəziyyətdə insan iradəsiz, ixtiyarsız və seçimsiz durumda olur. Hədəfi olmayan insan böyük yanlışlıqlara yol verə bilir. İnsanın xoşbəxtliyinin, həyatının məna yükünə malik olması hədəfdən keçir. Hədəf aydın olduqda, qarşıdakı üfiqlər aydın olur, qarşıdakı üfiq aydın olanda isə insanda bir aramlıq, əmin-amanlıq hissi olur. Bu insanın bütün nigaranlıq və narahatlıqları aradan gedir. Əksinə, hədəfsizlik insanda bir narahatlıq, qeyri-müəyyənlik vəziyyəti yaradır.

Deməli, insanın özünün mükəlləf hiss etməsi üçün, öz vəzifəsini tapması üçün, Allah qatında öz mükəlləfiyyətini icra etməsi üçün hədəfinin olması mütləqdir. Hədəfsiz bir durum - mükəlləfiyyətsiz bir durumdur.

İnsan hədəfli yaradılmışdır

İnancımızın nəzərinə görə, heç bir varlıq hədəfsiz yaradılmayıb. Rəbbimizin hikmət sifətinə əsasən, hər bir yaranmış varlığın yaradılışında bir hədəf var. Həzrət Əmirəlmömininin (ə) mübarək bir buyuruşunda da qeyd edilir ki, "Heç bir varlıq hədəfsiz və əbəs yerə yaranmayıb".

Mühüm odur ki, biz insanlar öz yaradılışımızın hədəfini anlayaq, niyə yaradılmağımızın mahiyyətinə varaq.

Hədəflərin hamısına çatmaq zatən mümkün deyil

Mühüm nöqtələrdən biri budur ki, insanın həyatında hədəf və arzuları çox ola bilər, amma insanın həyatındakı bütün hədəflərinə və arzularına çatması mümkün deyil. Hətta çox bərəkətli və uzun olsa da, ömür çox qısadır. Arzular çox, çatmaq istənilən mövzular çox, hədəflər çox, amma hamısına çatmaq mümkün deyil. Deməli, labüddür ki, biz bu hədəflər içərisində əhəmiyyətinə, dəyərliliyinə, səmərililiyinə, dəyər yükünə görə ən mühümlərini müəyyənləşdirək.

Hədəf bəhsində önəmli nöqtələrdən biri budur ki, mühüm və ən mühüm hədəflərimizi müəyyən etməyi bacaraq. Həzrət Əli (ə) buyurur: "Bir kəs ki, mühüm olmayan işlərlə məşğul olar, daha mühüm məsələləri zay edər". Bir insan ola bilər desin ki, mən hər bir işlə məşğul olmaq istəyirəm, ürəyim istədiyim işləri görmək istəyirəm, çatmaq istədiyim bütün hədəflər üçün çalışmaq istəyirəm. Həzrət Əlinin (ə) buyuruşundan anlayırıq ki, bu cür insan daha mühüm məsələləri zay etmiş olar. Elə ki, bizlər haşiyə mövzularla məşğul olmağa başlayırıq, biz mühüm məsələləri kənara qoyuruq.

Əgər biz hədəflərimiz içərisində mühüm olanları, onların da içərisində ən mühüm olanları müəyyən etməsək, burada da ciddi bir problemlə üzləşəcəyik. Çünki, bizim düşüncəmiz, fikrimiz bütün hədəfləri əhatə etmək gücündə deyil. Həzrət Əli (ə) buyurur: "Sənin fikrin bütün işləri əhatə edəcək qədər genişliyə malik deyil. Bəs onu mühüm işlər üçün sərbəst saxla".

Bəzən əxlaq ustadlarından soruşulur ki, namazda qəlb hüzuruna malik olmaq üçün nə edək? Əslində, insanın bu durumu, yəni qəlb hüzuruna malik olmaması - bir nəticədir. Ciddi səbəblərdən biri də budur ki, insan boş, əbəs işlərə vaxt ayırır. Qəlb əbəs, boş işlərlə məşğul olanda, qəlb onlarla qidalananda namazda artıq o qəlbin təravəti qalmır. Biz fikrimizi, düşüncəmizi, qəlbimizi ən mühüm olan məsələlər üçün sərbəst saxlamalıyıq.

Hədəfə hər vasitə ilə çatmaq olmaz

İslam inancına görə, hədəfə hər vasitə ilə çatılmaz. Dünyəvi anlamda olan hədəfə çatmaqla İlahi uğura aparan hədəfə çatmaq arasındakı ən ciddi fərqlərdən biri də məhz budur. Həzrət Əmirəlmöminin (ə) buyurur: "O kəs ki, günah onun vasitəsilə qalib gələr - qalib deyil. O kəs ki, pisliklə qalib olub - məğlub olmuşdur".

İslamın nəzərində hər hansı zahiri uğur və müəvəffəqiyyət ki, günahla, pisliklə, mənfiliklə olar - o, qələbə deyil, əksinə məğlubiyyətdir. İslam bunu uğur bilmir. Deməli, bizim hədəfə çatmaqda vasitələrimiz də Allah bəyənən olmalıdır.