Güzəştli mənzil müəmması böyüyür:


Digərləri 08 May 2018 22:18:00 292 0

Güzəştli mənzil müəmması böyüyür:

“Dövlət Təhlükəsizlik Xidməti bu məsələni hökmən araşdırmalıdır"

Dünən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. Belə ki, dünən saat 10.00 radələrindən sayta daxilolmada problemlər yaranıb. Bir saatdan sonra problem həll olunsa da, mənzillərin artıq satıldığı məlum olub. Şikayətçilər bildirir ki, hazırkı vəziyyətdə nəticələr obyektiv və şəffaf deyil.

Mənzil İnşaatı Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi birgə açıqlamada deyilir ki, mənzillərin satıldığı "Elektron hökumət" portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, "Güzəştli mənzil" layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq "Elektron hökumət" portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.

Lakin ilk mənzillərin seçimi mərhələsində "Elektron hökumət" portalında və "Güzəştli mənzil" sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 7 may 2018-ci il tarixində saat 11.50-yə qədər "Güzəştli mənzil" sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib.

Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib. Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məsələyə münasibət bildirən İKT mütəxəssisi Vahid Qasımovun sözlərinə görə, bu, saytı hazırlayan mütəxəssislərin problemidir. Çünki onlar saytı hazırladıqları zaman bu qədər girişin olacağını nəzərə almayıblar. Bu da bilgi yetərsizliyinin nəticəsidir.

"Hər bir saytın anlıq trafiki var və istifadəçilərin sayı artdıqca anlıq trafik də artır. Əgər saytın trafiki tələb olunan limitin altındadırsa, artıq daxilolma baş verən zaman istifadəçilər heç bir məlumat əldə edə bilmirlər.

Ancaq daxil olanlar da ola bilər, hansı ki, əvvəllər daxil olub, trafiki alıblar. Yeni daxil olmaq istəyənlər isə daxil olmaya bilərlər" - ekspert deyib. V.Qasımov bildirib ki, trafik dolu olsaydı və sayt açılmasaydı, evlərin satışı baş tuta bilməzdi: "Mənə elə gəlir ki, bu hadisənin altında başqa şeylər var. Bəzi istifadəçilər sayta daxil ola bilər, amma növbəti əməliyyat üçün davam etmək mümkün olmayacaq. Hansısa bir şəxsin belə trafik şəraitində bütün əməliyyatları həyata keçirə bilməsi ehtimalı olduqca zəifdir. Bu, texniki olaraq mümkün deyil".

Ekspert qeyd edib ki, hansısa şəxsin saytda bütün əməliyyatları yerinə yetirməsi o zaman mümkün ola bilər ki, sayt sahibi hansısa İP-lərə blok qoysun: "Ola bilər ki, dövlət müəssisələrinin İP-ləri açıq olsun, qalan digər provayderlərin İP-nə blok qoyulsun. Yəni müəyyən nazirliyin İP-si açıq olub və o nazirliyin əməkdaşları istədikləri əməliyyatları həyata keçirə bilib. Amma bu fərziyyədir. Bunu dəqiqləşdirmək üçün serverin bloklarına baxmaq lazımdır ki, kimə blok qoyulub, kim daxil ola bilib".

Məsələyə hüquqşünas Səməd Vəkilov da münasibət bildirib. O xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə, hər bir şəxsin bərabərlik hüququ var. Həmçinin də dövlətin təklif etdiyi güzəştli mənzil əldə etmək hüququndan istifadə edən insanların.