Televiziya insanları necə edam edir?


Digərləri 08 May 2018 22:05:00 238 0

Televiziya insanları necə edam edir?

Son.az lent.az-a istinadən Aliyənin yazısını təqdim edir

Elçin Əlibəylinin Maral Tahirqızını efirə çağırıb aşağılaması gündəmin əsas mövzularındandır. Adətən biz də adamları maraqlandıran mövzuları işləyirik, yazının oxunmasını istəyirik.

Amma məsələ mövzuda deyil, hər mövzu işlənə bilər, məsələ prinsiplərdədir. Hansı ki, onu hörmətli aparıcı Elçin Əlibəyli bilməmiş deyil, özü bu mövzuda bütöv bir dissertasiya işinin müəllifidir.

Hansı prinsiplərdir onlar?

Çox sadə prinsiplərdir. Bir moderator kimi, tərəfsiz olmalısan. Öz münasibətini bildirməməlisən, insanlara ehtiramlı münasibət göstərməlisən, hətta onların stullarının hündürlüyünü də nəzərə almalısan ki, kimsə özünü başqasından əskik, ya artıq hiss etməsin, eyni səviyyədə, bərabərtərəfli olduğunu duysun, bir müstəvidə polemikaya qoşulsun.

Bildiyimiz təməl etika prinsipləri. Amma gözümüz öyrəşir, bütün kanallarda ATV-dən Space-dək bu prinsiplərin pozulduğunu görürük, hətta bir mərtəbə yuxarıdakı APA TV-nin "İlhamla qırx dəqiqə" verilişində belə moderatorun tərəfsizliyi, bərabərlik prinsipini pozmasını belə gözardı edib,  "keçəndə özünə deyərəm" deyə, təxirə salırıq.

Çünki bu artıq normaya çevrilib. TV insanları hörmətli və hörmətsiz deyə iki sinfə bölüb. Xoşqədəm Hidayətqızının verilişindən, Zaur Kamalın verilişinədək az qala hamısı verilişə dəvət olunan insanlara sayğısızca davranır. Bu sayğısızlıq köklü sayğısızlıqdır, "siz" yox, "sən" demək xırda bir məsələ deyil, aparıcılar, ekspertlər qonaqlara psixoloji təzyiqlər edir, minlərlə tamaşaçının gözü qarşısında onlara "pis anasan", pis övladsan", "pis qadınsan", "pis kişisən" kimi travmalar yaşadırlar. TV öz qurbanları ilə, zamanı min il geriyə çəkib tamaşaçılarına edam-qurban "zövqü"nü yaşadır.

Belə verilişlərdə hansısa ictimai və ya sosial motiv ortadan çıxır, TV insanların durumu üzərindən tamaşaçı ilə alverə qoşulan bir aparata çevrilir.

Qıcıq doğuransa TV təmsilçisinin özünü alverçi kimi yox, ittihamçı kimi aparmasıdır. Bu imtiyaz hardandır, burası məlum deyil.