İşğal olunmuş ərazilərə icazəsiz səfərlər müzakirə edildi FOTO


Siyasət 08 May 2018 20:17:00 305 0

İşğal olunmuş ərazilərə icazəsiz səfərlər müzakirə edildi  FOTO

Azərbaycan və Italiya Xarici İşlər Nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Italiya nümayəndə heyəti öncə Azərbaycan xarici işlər nazirinin müavini, səfir Nadir Hüseynov tərəfindən qəbul edilib. Görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf edən münasibətlərimiz müzakirə edilib.

Daha sonra ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 26-cı ildönümünün qeyd edildiyi əlamətdar gündə keçirilən konsulluq məsləhətləşmələri açıq elan edilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov, Italiya nümayəndə heyətinə isə Italiya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti İdarəsinin rəisi, Səlahiyyətli Nazir Luigi Vignali rəhbərlik edib. Görüşdə həmçinin İtaliyanın Azərbaycandakı səfiri və nümayəndə heyəti, eləcə də Azərbaycan Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən yeni sazişlərin imzalanması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsini tənzimləyən milli qanunvericilikdə həyata keçirilmiş son dəyişikliklər barədə məlumat mübadiləsi aparan tərəflər həmçinin İtaliya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində dolğun və düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Səfir F.Bağırov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə söz açaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan Hökumətinin razılığı olmadan icazəsiz səfərlərinin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün İtaliya Respublikası səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb.

F.Bağırov həmçinin beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq çərçivəsində Azərbaycanın Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə İtaliya tərəfində məlumat verib.


Xəbərə aid fotolar